Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 12:08
Müzəffər Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı ilə 2018-ci ilin may ayında Şərur rayonunun 11 min hektarlıq ərazisi, o cümlədən Günnüt kəndi geri qaytarılsa da, hazırda Naxçıvanın bir çox abidələri, o cümlədən Kərki yaşayış yeri, Kərki nekropolu düşmən işğalı altındadır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib.
Erməni vandalları tərəfindən Naxçıvan Muxtar Respublikasına məxsus olan ərazilərin də işğal edildiyini nəzərə çatdıran V.Baxşəliyevin sözlərinə görə, Ordubad rayonunun Kilit və Kotam kəndlərindəki tarixi abidələrimiz düşmən gülləsinin nişangahına çevrilib, qəbristanlıqlarımız dağıdılıb.
V.Baxşəliyev bildirib ki, Ordubad rayonundakı Kilit mağarası, Sədərək rayonundakı Püstə dərəsi yаşаyış yеri, Şərur rayonundakı Dаn yеri yаşаyış yеri, Dаn yеri qаlаsı, Dаn yеri qəbiristаnlığı, Səlcuq sərkərdəsi Tananın adı ilə bağlı olan Tаnа qаlаsı, Şаhbulаq qаlаsı, Muncuqlutəpə, Şahbuz rayonundakı Çiçi yurdu, qoç daşlarımız, və onlarla digər abidələrimiz düşmənin atəş nöqtəsi altında yerləşdiyi üçün həmin abidələri tədqiq etmək mümkün deyil.
Alim hesab edir ki, bu abidələr arasında Naxçıvanın uzaq Daş dövrü mədəniyyətini öyrənmək üçün əhəmiyyəti olan Kilit mağarası xüsusilə diqqətəlayiqdir.
O əlavə edib ki, Orta Tunc dövründə Azərbaycanda formalaşan Boyalı qablar mədəniyyətini öyrənmək üçün misilsiz əhəmiyyəti olan Kərki yaşayış yeri və nekropolu hələ də geniş tədqiqatlarla öyrənilməyıb:
"Qədim mədəniyyətlərin beşiyi olan Naxçıvanın qədim abidələrinin işğaldan azad ediləcəyi gün yaxındadır. Heç şübhə etmirik ki, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusunun qalibiyyətli yürüşləri Azərbaycanın itirilmiş tarixi torpaqlarının və qədim mədəniyyət abidələrimizin işğaldan azad olunması ilə nəticələnəcək".