Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 16:54
Ermənistan dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların yaşadıqları əraziləri hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O bildirib ki, sentyabrın 27-indən oktyabrın 30-dək Azərbaycanın 182-dən artıq yaşayış məntəqəsi düşmən hədəfinə çevrilib: "Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə 27 mindən artıq mərmi, 218 raket zərbəsi endirilib. Ən çox raket zərbələri Goranboy, Gəncə, Füzuli və Bərdə şəhərlərinə, ən çox mərmi zərbələri isə Tərtər və Ağdam rayonlarına atılıb. Hadisə nəticəsində Bərdə rayonunda 27, Gəncədə 26, Tərtərdə isə 17 mülki şəxs həlak olub. Bu günə qədər 91 nəfər həlak olub, 396 nəfər yaralanıb. 2242 yaşayış evi, 92 çoxmənzilli yaşayış məntəqəsi və 423 mülki obyektə ziyan dəyib. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə ziyan dəyib ki, onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı, 1-i isə istilik təchizatı obyekti olub".