Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 17:21
Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib.
Mütəxəssisin sözlərinə görə, COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdir.
"Məsələn, ABŞ-da mövsümi qrip epidemiyası dövründə 30-40 min insan vəfat edir. Diabet xəstələri, ürək-damar xəstəlikləri və böyrək problemi olanlar isə xüsusi risk qrupundadır. COVID-19-la eyni vaxtda qripə yoluxmaq pasiyentin vəziyyətini lap ağırlaşdıra bilər", - deyə o, vurğulayıb.
Zverev ehtimal edir ki, qrip ağırlaşmalarına görə koronavirusdan ölən xəstələr az olmayıb. Lakin təsdiqlənmiş COVID-19 diaqnozunda həkimlər xəstəni qriplə əlaqədar müayinə etmirlər, laboratoriya diaqnozları qoyulmadığı üçün də bu barədə dəqiq heç nə deyilmir.
"Ola bilməz ki, bir il ərzində qrip hadisəsi qeydə alınmasın", - deyə həkim əlavə edib.
Bununla birlikdə, o, bu il qrip infeksiyasına yoluxma halının ötən illərə nisbətən daha az olacağına inandığını deyib:
"Adətən qrip epidemiyası şərqdən gəlir. İndi isə sərhədlər bağlıdır".
Həkimin sözlərinə görə, qrip COVID-19 kimi asemptomatik olmadığı üçün insanın dərhal xəstə olduğunu anlayır, özünü təcrid edir və daha az insana yoluxdurur.
Zverev son olaraq COVID-19 və qripdən ən yaxşı müdafiə vasitəsinin vaksinasiya olduğunu vurğulayıb.