Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocalı faciəsinin 9 yaşlı şahidi: ''Xocalı mənim uşaqlıq nisgilimdir'' - VİDEO

Xocalı faciəsinin 9 yaşlı şahidi: ''Xocalı mənim uşaqlıq nisgilimdir'' -  VİDEO

Tarix: 2 Noyabr 2020 17:34

Səsi hələ də qulaqlarımızdadır... O, indi də ahənglə ürkək-ürkək adını deyir mikrafonumuza, çöhrəsi elə 9 yaşlı uşaq qədər safdır.

Yəqin siz də xatırladınız, Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda söhbət etdiyi Ləfxanım Mahmudova... Onunla düz 28 il sonra Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində görüşdük: "Xocalı faciəsi gecəsi idi, axşam saat 11 radələri olardı. Atam atışma olanda gizlənmək üçün yer düzəltmişdi. Biz atəş səsləri eşidiləndə həmin yer altındaydıq. Bir də gördük qonşuluqda yaşayan türk qadın deyir ki, ermənilər kəndə doldu, bizimkiləri tutdular çıxın".

9 yaşlı qızcığaz böyük bacısının əlindən yapışıb valideynləri ilə birgə kəndin mərkəzinə tərəf irəliləyir: "Bizi Qarqar çayına qədər qucaqlarında apardılar və çayı keçdik. Qardaşım, bacım, mən və digərləri meşəyə üz tutduq. Doqquz gün meşədə qaldıq, yol tapa bilmirdik. Elə hey ağlayırdım ki, mənə çörək verin. Çörək də yox, haradan alsınlar? Atam deyirdi ağlama Ağdama çataq sənə çoxlu çörək alacam yeyəcəksən, amma ağlama. Onda səsimizə gəlirdilər".

Sonxeber.net APA TV-yə istinadən xəbər verir ki, Ləfxanım Mahmudova deyir ki, soyuqdan gəzə bilmirdik: "Qarqar çayını keçdikdən sonra o qədər meşədə gəzdik ki, atamın çəkmələri onun ayağına ağır edirdi, soyuq idi, ayaqyalın gəzdi. 3 gündən sonra yolu tapa bildik, həmin ərazidən keçəndə gördük çəkmələr ordadır".

Meşədə itkin düşdükləri günlər ərzində meşədə ağac əzib yeyirmişlər: "İndi gördüyünüz bu qardaşım ağacın qabığını əzib mənə verirdi ki, ye. Axı heç nə yox idi. 9 günlük zülm, qar -çovğun, əziyyət və pis günlər... Qarın altında mənim də, ata-anamın da ayaqları donmuşdu. Donvurmadan heç nə hiss etmirdik, istər ağacın üstü ilə get, istərsə də kolun. O qədər donmuşduq..."

Müsahibimiz ailə üzvlərinin Xocalı faciəsində şəhid olduqlarını deyir: "9-cu gün isə qardaşımın 8 aylıq hamilə yoldaşı şəhid oldu. Bibim yeriyə bilmədiyi üçün orada güllələdilər. Gətirə bilmədik. Yolu tapa bilmədiyimiz üçün bizi əsir götürdülər. Gözlərimin qarşısında daha o zülmlər olmadı ki, verilməsin... Əllərimi aşağıda gizlətmişdim, avtomatın qundağı ilə qolumu qaldırıb dedilər ki, əllərini yuxarıda saxlamalısan!"

9 gündən sonra onun ailəsi və özü əsir düşür: "Bizi Pircamalda tövləyə gətirdilər. Gəldik ki, bizimlə 9 gündür yol gələn 70 nəfər də oradadır. Gözümüzün qabağında kişilərə zülm edirdilər. Avtomatın qundağı ilə gözlərini vurub dağıtmışdılar. Qabırğalarını sındırırdılar. Dişlərini çəkirdilər".

Ləfxanım Mahmudova hələ də o faciənin ağrısını çəkir: "İllərdir dağlıq ərazidə yaşayırıq burada. Bu gün də bu dağlarda duman, çiskin olanda mən qorxumdan çölə çıxmıram. Təkrar-təkrar yaşayıram, elə bilirəm ordayam..."

"Hərdən yuxularıma girir uşaqlığım, oynadığım yerlər... İnşallah övladlarım gedib görər o yerləri ".

Uşaqlığı əlindən alınan, 9 yaşında gözlərinin qarşısında doğmalarına və özünə olmazın işgəncələri verilən Ləfxanım deyir ki, hadisədən sonra 3 ay 25 gün xəstəxanada qalıblar: "Mənim də, bacılarımın da, atamın, anamın da ayaqları kəsildi. 28 il ötməsinə baxmayaraq anamın ayağında olan yaralar sağalmır".

Köçkünlük deyəsən mənim uşaqlıq illərimin alın yazısıdır - deyən Ləfxanım Xocalıdan sonra Ağdərəyə, Ağdama sığındığını xatırlayır... Sığındığımız yerlər də sonradan işğal olundu deyir və gözləri yol çəkir. Son dayanacaq kimi Oğuzda məskunlaşan gənc qız elə orada da ailə qurur. Bir qız, iki oğul anasıdır. "Övladlarım mənim uşaqlıq nisgillərimlə böyüyüb" deyir Xocalı faciəsinin canlı sakini. Ayaqları göynədikdə Xocalı üçün göynəyir Ləfxanımın kövrək qəlbi... "Şükürlər olsun, doğma torpaqlarımız qayıdır. Ali Baş Komandana təşəkkür edirik. Övladlarımızla qayıdarıq, yaşayarıq, onlar da orda böyüyərlər".

Və sonda ... Adının mənasını soruşduq: "Nənəmin adını veriblər mənə Ləfxanım... Mənası yaxşı xanım deməkdir".

Bu gündən sonra ömrünüzə yazılan ən yaxşı günlərdə görüşmək diləyi ilə...


Etiketlər:  Xocalı faciəsinin yaşlı şahidi Xocalı mənim uşaqlıq nisgilimdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ