Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 14:14
Sentyabrın 27-dən başlayan torpaqların işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatı Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən uğurla həyata keçirilir. Bu proseslər astanasında ölkələrlə bərabər böyük qlobal şirkətlər və təşkilatlar da tərəflər üçün özlərinin dəstək mesajlarını bildirir və yardımlarını əsirgəməməyə çalışır. Lakin bəzi beynəlxalq korporasiyalar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yazılar paylaşır və eləcə də, düşmən Ermənistan və qondarma respublikaya dəstəklərini bildirirlər.
Bunu Sonxeber.net-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.
Ekspert bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarında illərdir fəaliyyətini davam etdirən qlobal şirkətlərə qarşı dövlət tərəfindən xüsusi cinayət işi açılmalıdır:
"Qeyd edim ki, Azərbaycanın işğal altında olan torpaqlarında illərdir fəaliyyətini davam etdirən qlobal şirkətlər mövcuddur. Onlar Azərbaycanın Qarabağ bölgəsindəki təbii ehtiyatlarını qanunsuz olaraq mənimsəməklə, çirkin biznes əməllərini həyata keçirirlər. Əslində, bu, həmin şirkətlərin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqla qanunlarını pozması deməkdir. Bu tip şirkətlərə qarşı düşünürəm ki, dövlət tərəfindən xüsusi cinayət işi açılmalı, onlar hüquqi məsuliyyətə cəlb edilməli və eyni zamanda beynəlxalq hüquq müstəvisində, eləcə də dünya və Avropa məhkəmə institutlarında məsələ qaldırılmalıdır.
Bir də bu kimi məsələlərin digər tərəfi mövcuddur. Biz, eyni zamanda, dünyanın bütün ölkələrində, paralel olaraq Azərbaycanda fəaliyyət göstərən, mal və xidmətlərini satan və eyni zamanda müxtəlif biznes hüquqi formalarında çalışan qlobal şirkətlərin düşüncələrini müzakirə etməliyik. Misal üçün, götürək "MC Donalds" Azərbaycan şirkətini. Bildiyiniz kimi, bir neçə gün öncə "MC Donalds" Azərbaycan şirkətinin rəsmi Facebook səhifəsində Azərbaycanın bayrağını və xəritəsini əks etdirən bir post paylaşılmışdır. Bu post müəyyən müddət sonra səhifədən silindi. Bu isə haqlı olaraq özünü azərbaycanlı hiss edən hər bir vətəndaşın qəzəbinə səbəb oldu. Bu reaksiyaları görən şirkət çox keçmədi ki, yenidən bir post paylaşdı. Postun mahiyyəti ondan ibarət idi ki, biz, sadəcə, hər kəsin qida təminatçısı olmaqda məqsədliyik. Və ya "MC Donalds"la bərabər məşhur Jhonson&Jhonson şirkətini götürək. İlk öncə, rəsmi Twitter hesablarında müharibə ilə bağlı post paylaşmış və eləcə də, Qondarma Respublikanın adını (Artsax) çəkmişdir. Göstərilən təzyiqlər və etirazlar nəticəsində sonradan dəyişilən postda "Azərbaycan-Ermənistan konflikti" olaraq düzəlişlər edildi. Bunun kimi onlarla misal çəkmək olar. Bu durumlarda haqlı olaraq vətəndaşlar boykot aksiyalarına başlamış, həmin şirkətlərin mal və xidmətlərini almamaq üzrə çağırışlar etmişlər. Bu məqamlar həssas məqam olduğu üçün məsələyə iki aspektdən baxmaq daha faydalı olar.
Birinci aspekt məsələnin iqtisadi tərəfidir. Belə ki, bu şirkətlər əsas olaraq françayzinq müqaviləsi əsasında Azərbaycan şirkətləri tərəfindən idarə olunur. Qeyd etmək istəyirəm ki, françayzinq müqaviləsi bir şirkətdən digər şirkətə biznesin idarə edilməsi ilə bağlı patenləşdirilmiş ideyanın, biliklərin, biznesdən və addan istifadə hüququnun, marketinq, satış, reklam və PR strategiyalarının, mütəmadi ödənişlər əsasında digər şirkətə verilməsidir. Və bu şirkətlər françayzinq müqavilələrini bağlayarkən, xüsusi olaraq şərtlər müəyyənləşdirilir. Təbii ki bu şərtlərdən biri də mərkəzi ofisin icazəsi olmadan yeni, siyasi və eyni zamanda düşüncə fərqliliyi yaradan reklam mesajlarının paylaşılmamasıdır. İkinci olaraq, bu kimi şirkətlər böyük vergi ödəyiciləridir. İllik olaraq külli miqdarda dövlət büdcəsinə vergi ödəyirlər. Üçüncü olaraq, bir şirkətdə ortalama olaraq 1200-ə yaxın personal çalışır. Bu isə böyük iş gücü deməkdir. Dördüncü olaraq, bu kimi şirkətlər turizm strategiyasında xüsusi önəm daşıyır və ölkəyə gələn əcnəbilər üçün mühüm hesab olunur.
İndi gəlin məsləyə ikinci aspektdən - fərd olaraq mənəvi-psixolojik olaraq baxaq. Bir vətəndaş kimi düşünürəm ki, haqlı olaraq iqtisadi faydası çox olsa belə bu kimi şirkətlərə etirazlarımızı bildirməliyik. Niyə? Birincisi, bu kimi qlobal şirkətlər müxtəlif ölkələrdə nümayəndəliklərini açanda, fəaliyyətlərini başladanda mütləq xarici çevrə faktorlarını analiz edirlər. Bu çevrə faktorlarından biri, həmin şirkətin ölkənin hüquqi, iqtisadi, demoqrafik və eləcə də, sosial-mədəni yapısıdır. Yəni, misal üçün "MC Donalds" Azərbaycanda fəaliyyət göstərirsə, mütləq Azərbaycanın hüquqi, iqtisadi, demoqrafik və eləcə də, sosial mədəni şərtlərinə əməl etmək zorundadır. İkinci olaraq, hüquqi baxımdan Qarabağ beynəlxalq müstəvidə Azərbaycanın ayrılmaz parçası hesab olunur. Hətta "MC Donalds"ın yerləşdiyi ABŞ belə Azərbaycanın ərazi bütövlüyünü tanımaqdadır. Burada siyasi hansısa bir yanlış varmı? Xeyr. O zaman "MC Donalds" paylaşdığı statusu silməliydimi? Xeyr. Lakin təbii ki, düşmən tərəfinin diasporasının göstərdiyi təzyiqlər və ya bu kimi mövqelər, qlobal şirkətlərin Qarabağ məsələsinə yanaşmasında xüsusi önəm daşıyır. Biz də o zaman, haqlı olaraq etirazlarımızı bildirməliyik.
Yaxşı bəs necə edək ki, hər iki aspekti gözə alaraq etirazımızı edək? Bu əsnada işimizə yarayan ən önəmli yol, mədəni boykot üsuludur. Yəni vətəndaş olaraq xüsusi istəklərimizi, düşüncələrimizi "MC Donalds" və digər şirkətlərin baş ofislərinə ünvanlamaqla nəaliyyət əldə edə bilərik. Bu kimi taktiki etirazlar böyük şirkətlər üçün önəm daşıyır. Çünki bu durumda məsələ çevrəsindən çıxaraq daha böyük bir kütləyə xitab edir. Bu isə şirkətlərin fəaliyyəti üçün zərərli hesab olunur.
İkinci olaraq, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan şirkətlər mütləq olaraq dövlət tərəfindən xüsusi nəzarətə götürülməli və onlar barəsində cinayət işi açılmalı, sərt cəzalar tətbiq olunmalıdır.
Üçüncü olaraq, bu kimi məsələlərdə daha irəli stratejik düşünməli, belə şirkətlər qarşılığında vətəndaş mövqeyini ortaya qoyaraq yerli bizneslərin inkişafına dəstək olmalı, lazımi yeni bizneslərin qurulması üçün əlimizdən gələn kütlə dəstəyini göstərməliyik".
Təhməz Əsədov