Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 14:40
Əməkdar artist Gülüstan Əliyeva "Evdəkilərə salam" proqramına qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, veriliş zamanı ifaçı işğaldan azad olunan torpaqlarımızla bağlı sevincini, eyni zamanda 1-ci Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı və qardaşı ilə ilə bağlı xatirələrini bölüşüb:
"Azərbaycanın hər bir bölgəsi doğmadır, əzizdir. İllərdir işğal altında olan torpaqlarımız üçün ürəyimiz sızlayırdı. Əlbəttə, bu gün hamımız qürurlu və sevincliyik. Mən isə bu hissləri ikiqat yaşayıram. Çünki ailə üzvlərimi itirdiyim torpaqları Ali Baş Komandanımız və ordumuz bizə qaytardı.
İnsan həyatı üçün bundan böyük hədiyyə və uğur ola bilməz. 2016-cı ildə Seysulan kəndi işğaldan azad ediləndə elə bildim ki, qardaşım vəfat etməyib, sağdır. Çünki şanlı ordumuz onun qanı tökülən torpaqları geri qaytardı. Daha sonra həyat yoldaşımın şəhid olduğu Cəbrayıl və onun kəndləri düşmən tapdağından azad edildi. Daha ailə üzvlərim şəhid olduğuna görə ağlamayacam. Çünki dərd o zaman insana yük olur ki, onun dərmanı tapılmasın".
Danışdıqca göz yaşlarına boğulan müğənni həyat yoldaşının son günlərini belə xatırlayır:
"Zahid minaya düşmüşdü. Ağır dərəcəli yanıq xəsarətləri almışdı. Onu xəstəxanaya aparmaq üçün bir neçə dəfə helikopter göndərilsə də, artıq gec idi. İlk bir-iki gün onu görməyimi istəməmişdi. Sonralar eşitdim ki, ömrünün son günündə məni istəyib. Bəlkə mənə nəsə vacib sözü var idi, bilmirəm. Onda da atasıgil qoymayıb... Çox cəhd etsəm də, Zahidi görə bilmədim. Bir dəfə yatdığı otağın qapısı aralı qalmışdı. Onda az da olsa gördüm: qapqara kömür kimi yanmışdı, sadəcə sarğıları ağarırdı. O, vəfat edəndə oğlumuz Rüfətin 40-ı yeni çıxmışdı".
G.Əliyeva həyat yoldaşından sonra yeganə qardaşının da şəhid olduğunu bildirib:
"Yoldaşım şəhid olandan sonra qardaşım da sanki dəyişib başqa bir adam oldu. Özünə yer tapa bilmirdi. Tez-tez deyirdi ki, mən getmək istəyirəm. Orduya yollandı, Murovda xidmət etməyə başladı. Bir müddət sonra aprel ayında orada genişmiqyaslı döyüşlər baş tutdu. Bizim neçə-neçə igid oğullarımız bu döyüşdə həlak oldu. Onlardan biri də mənim qardaşım idi".
Müğənni Cəbrayıl azad olunarkən yaşadığı sevinci belə təsvir edib:
"Oğlumla sevindiyimizdən elə qışqırmışdıq ki... Dedim, Rüfət, Cəbrayıla gedək. Dedi, tələsmə ana, yollar açılsın, gedərik. Yoldaşımın qəbri Cəbrayıldadır. Aldığımız məlumatlara görə, ermənilər hamısını dağıdıblar".