Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 19:24
Ermənistanın muzdlulardan istifadə etməsi heç kimə sirr deyil. 1-ci Qarabağ müharibəsində də Ermənistan tərəfindən muzdluların və terror təşkilatlarının üzvlərinin döyüşməsini təsdiq edən kifayət qədər dəlillər və videogörüntülər var. Hər kəs internet vasitəsilə bu görüntülərə baxa bilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Ermənistan tərəfi bu günə qədər bu mənfur siyasətini davam etdirərk Azərbaycana qarşı muzdlulardan istifadə edir: "Sentyabrın 27-dən başlayan döyüşlər zamanı da muzdluların Ermənistan tərəfindən döyüşməsi barədə kifayət qədər dəlillər əldə edilib və bununla bağlı video görüntülər də yayımlanıb. Məlumdur ki, PKK və Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar.
Lakin Ermənistan tərəfi yenə də riyakarlıq göstərərək muzdlulardan istifadə etmədiyi haqda yalanlar uydurur və hətta bir az da irəli gedərək Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə uydurma iddialar səsləndirir. Ermənistan bununla Azərbaycana qarşı siyasi hücum təəssüratı yaratmağa çalışır.
Artıq erməni yalanlarına heç kim inanmır. Bu gün Azərbaycan ordusunun kənardan heç bir dəstəyə ehtiyacı yoxdur. Hələ Azərbaycan tam səfərbərlik də etməyib, yalnız qismən səfərbərlik etməklə döyüşləri aparır. Bəllidir ki, bu gün on minlərlə gənc könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət edib, eyni zamanda ehtiyyatda olan kifayət qədər hərbçilərimiz var, lakin Azərbaycan bunların heç birindən istifadə etmir.
Belə olan halda, yəni daxildə kifayət qədər ehtiyyat döyüşçülərimiz olduğu halda bizə muzdlular nə üçün lazımdır?! Bu, sadəcə ermənilərin uydurmasıdır. Bu gün muzdlular ermənilərə lazımdır, çünki Ermənistanda ciddi əsgər çatışmazlığı var, tam səfərbərlik etsələr də döyüşməyə adam tapmırlar, ölkədən çıxışa məhdudiyyətlər qoyublar, lakin yenə də döyüşməyə heç kim gəlmir və yenə də ümid muzdlulara qalır".