Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 22:40
Koronavirusa yoluxanların sayının artımı gözlənilən idi. Dünyada yaz-yay aylarında yoluxma saylarında artım oldu, müxtəlif ölkələrdə fərqli vaxtlarda artım və eniş dövrləri qeydə alındı. Payızda ümumən şimal yarımkürəsində yerləşən ölkələrdə xəstə sayının artacağı proqnozlaşdırılırdı. Çünki epidemioloji olaraq hər bir pandemiyanın bir müddəti var, bu, bir il yarım və ya iki ildir. Bu müddət ərzində dalğalanmaların baş verməsi prosesə uyğundur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-reanimatoloq Emil Qasımov deyib.
O, həmçinin bildirib: "Payız aylarında şimal yarımkürəsində koronavirusa yoluxma hallarında nəzərəçarpan artım qeydə alınır. Son aylarda artım cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib. İyul-avqust aylarında Braziliya, Avstraliya, Yeni Zelandiyada artım var idi. Son bir ayda Avropa ölkələrində, ABŞ-da, Rusiyada, eləcə də Azərbaycanda artım müşahidə olunur.
Ölkəmizdə pandemiya martda başlasa da, may-iyul aylarında pik dövrlər yaşadıq və bu zaman ciddi hazırlıq gördük. Modul tipli xəstəxanalar açıldı, çarpayı sayı artırıldı, dünyanın inkişaf etmiş ölkələrinin tətbiq etdiyi ləvazimat, dərman və təchizat təmin olundu. Bu müddət ərzində həkimlər, o cümlədən digər tibb işçiləri də təcrübə topladılar. Sistem olaraq prosesə daha hazırlıyıq.
Hazırda Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayırıq. Müharibə apardığımız ölkə də bizim kimi iki cəbhədə vuruşur. Onlar nəinki ordumuzla, hətta COVID-lə də mübarizə apara bilmirlər. Ermənistanda koronavirusa yoluxanlar və ölənlərin sayı da həqiqəti əks etdirmir. Əhali sayı ölkəmizdən az olsa da, xəstələnənlər iki dəfə, ölənlər dəfələrlə çoxdur. Yetərincə test də edə bilmirlər. Həkim çatışmazlığı var, təcrübələri çox azdır. Belə demək olar ki, Ermənistan dünyada COVID-lə ən bərbad mübarizə aparan ölkələrdən biridir".
Həkim-reanimatoloqun sözlərinə görə, hər il oktyabrın 15-dən aprelin 15-nə kimi mövsümi qrip dövrü hesab olunur: "Həmin dövrdə viral infeksiyaların, digər virusların da artımını görürük. Buna səbəb həmin dönəmdə insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Hava soyuq olduğu üçün insanlar qapı-pəncərəni bağlayır, daha sıx təmasda olur, məsafəni gözləmirlər. Bu səbəblərdən də koronavirusa yoluxma saylarında artım gözlənilən idi.
Hazırda vətəndaşlarda COVID-19-un zəifləməsi kimi düşüncə formalaşıb. Lakin bu, belə deyil. Xəstəliyin gedişatı, ciddiliyi olduğu kimidir. Koronavirus 80 faiz hallarda yüngül keçir. Demək olar ki, gündəlik 1000 xəstədən 800-ü koronavirusu daha yüngül, orta formada, asimptomatik keçirdir. Yüngül xəstələrin, yəni 80 faiz xəstə qrupunun müalicəsi evdə aparılır. Qalan 200 nəfərin, yəni 20 faizin hospitala yatırılmasına ehtiyac yaranır. Onlardan cəmi 5-6 faizi, bəzi ölkələrdə 5-10 faizi COVID-19-u ciddi keçirdir və həmin şəxslərin reanimasiya şöbələrində müalicə almalarına ehtiyac olur. Əvvəllər xəstəlik barədə çox məlumat yox idi. Lakin indi 10-cu aydayıq və dünyanı izləyərək qabaqcıl ölkələrin tətbiq etdiyi taktikalardan istifadə edirik. Koronavirusla mübarizədə təcrübə də artıb. Çarpayı sayı çox olduğu üçün biz bu prosesi daha yaxşı idarə edə bilərik.
Asimptomatik xəstələr bütün dünyada ciddi problemdir. Gənclər və yeniyetmələrin COVID-19-u asimptomatik keçirmə ehtimalları daha çoxdur. Onların qaydalara daha ciddi riayət etməsi tövsiyə olunur. Çünki bunu təsbit etmək çox çətindir. Əhalinin hamısını testdən keçirmək mümkün deyil. Əgər onlar virusa yoluxmuş şəxslərlə təmasda olublarsa, özlərini izolyasiya etmələri, maska taxmaları, 10 gün ictimai nəqliyyatdan istifadə etməmələri məsləhət görülür. Xəstəliyi yüngül keçirən insanların 10 gün ərzində digərlərini yoluxdurma ehtimalı var. Asimptomatiklərdə də bəzən zəif simptomlar ola bilər. Onlar da hansısa əlamətləri hiss ediblərsə, qrip və ya digər respirator infeksiyalara yoluxsalar da, özlərini izolyasiya etmələri, maska taxmaları, ailə üzvlərini və digərlərini yoluxdurmamaq üçün ayrı otaqda qalmaları tövsiyə olunur.
Bizi koronovirusdan qoruyan, yoluxanların müalicəsində tətbiq olunan effektiv dərman, profilaktik vasitənin olmasını hər kəs istəyir. Lakin hazırda elə bir vasitə yoxdur. Buna baxmayaraq, yoluxmanın qarşısını alan üç səmərəli üsul var: məsafə saxlanılması, gigiyena qaydalarına əməl olunması və maska istifadəsi. Həmin üç silah, xüsusilə maskaların istifadəsi ən effektiv vasitədir. Lakin bütün dünyada xəstəliyin yayılmasının, yoluxma saylarının artımının qarşısını almaq üçün bunlar yetmir. Növbəti səmərəli üsul peyvənddir. Peyvənd tədqiqatları dünyada davam edir. Lakin effektiv bir peyvəndin ən tez gələn ilin yazında ərsəyə gələrək istifadəsi mümkün ola bilər".
E.Qasımov, həmçinin qeyd edib: "Son günlər biz tariximizin ən şanlı günlərini yaşayırıq. Şanlı ordumuz otuz ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edir. Yaralıların olması müharibənin qanunlarından biridir. Həkimlərimiz həm yaralılara kömək etməli, həm də koronavirusa yoluxan xəstələrin müalicəsini aparılmalıdırlar. Qələbə qazanmamız, koronavirusun daha da yayılmaması, həkimlərimizin bütün gücünü COVID-ə deyil yaralılara yönəltməsi, əsgərlərimizin bərpası, reabilitasiyası üçün tövsiyələrə əməl edilməsi vacibdir. Belə bir zamanda məsuliyyətli davranış sərgiləyən və tövsiyələrə ciddi yanaşanlar qələbəmizdə pay sahibi olacaqlar".