Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 13:14
Bugünədək işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində əsasən Şərq çinarı olmaqla ümumilikdə 2000-dək müxtəlif cinsli ağac əkilib, 100 kq-dan artıq palıd və digər meşəcinsli ağac toxumları səpilib.
Sonxeber.net bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, növbəti ağacəkmə aksiyaları bu günlərdə Qubadlıda, Cəbrayılda keçiriləcək.
Nazir müavini əlavə edib ki, ümumiyyətlə işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri bütün Qarabağ bölgəsində hissə-hissə davam etdiriləcək:
"İşğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə hər kəs böyük ruh yüksəkliyi və qələbə sevinci ilə öz töhfəsini verməyə çalışır. Noyabrın 11-dən başlayaraq işğaldan azad olunmuş və minalardan təmizlənmiş təhlükəsiz sahələrdə əsasən Şərq çinarları olmaqla ərazinin relyefinə və iqliminə uyğun müxtəlif növ ağac tingləri əkilir, palıd və digər meşəcinsli ağac toxumları səpilir, meşə örtüyünün və yaşıllıqların bərpası istiqamətində tədbirlər görülür".