Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 08:18
Vətən müharibəsində Ermənistan ordusuna qarşı mübarizə aparan igidlərimizdən biri olan mayor Seyran Məmmədov üçün Böyük Qələbənin ikiqat əhəmiyyəti olub. İlk öncə torpaqlarımızın yağı düşməndən qorunmasında və əks-hücum əməliyyatlarının icrasında iştirak edərək vətənə olan borcunu yerinə yetirib. İkincisi isə 28 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olan atasının qanı yerdə qalmayıb, qısasını alıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Seyran Əlsuvar oğlu Məmmədov 1984-cü ildə Şamaxı rayonunun Dağ Göylər kəndində anadan olub. Sonradan atasının işi ilə əlaqədar Bakıya gediblər. Atası baş leytenant Əlsuvar Məmmədov Birinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhədə düşmənlə üz-üzə vuruşub və 1992-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atasının qisasını ermənilərdən almaq Seyranın ən böyük arzusu olub. Bu arzu ilə yola çıxan balaca Seyran 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2006-cı ildə leytenant, 2009-cu ildə baş leytenant, 2013-cü ildə kapitan, 2018-ci ildə mayor rütbəsi alıb. Xidməti dövrü ərzində o, dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən - "Silahlı Qüvvələrin 90 illiyi", "Qüsursuz xidmətə görə" III dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Silahlı Qüvvələrin 100 illiyi" medalları ilə mükafatlandırılıb.
Mayor Seyran Məmmədov 2016-cı ildə baş verən Lələtəpə döyüşlərində də iştirak edib. Vətən müharibəsində isə cəbhənin müxtəlif istiqamətlərində xidmət göstərərək müzəffər Ordumuzun qalib zabiti kimi həm Qarabağımızın düşməndən azad olunmasında iştirak edib, həm də düşməndən atasının intiqamını ala bilib.