Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2019 17:04
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.
Trend-in məlumatına görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, fəal hüquq-mühafizə siyasəti daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin təkmilləşməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərib.
Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov cari ilin 6 ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Bildirib ki, paytaxtda baş vermiş cinayətlərin əksəriyyətinin üstü açılıb, cinayətkarlıqla mübarizə tədbirləri gücləndirilib. Nəticədə, Bakıda baş verən cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
General-mayor bildirib ki, bununla yanaşı, vətəndаşlаrın ərizə və şikаyətlərinə bахılmаsı, оnlаrın qəbulu işi ciddi nəzarətdə saxlanılmaqla, 913 vətəndaş qəbul edilib. Müraciətlərin 2230 Nаzirliyin və Bаş İdаrənin rəhbərliyi tərəfindən nəzаrətə götürülüb.
Məruzə ətrafı çıxışlarda Bakı şəhər BPİ-nin və rayon polis idarələrinin rəisləri əldə olunan müsbət nəticələrlə yanaşı, əməliyyat-xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyinə söz veriblər.
Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını xüsusi vurğulayıb.
O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini çatdırıb, nöqsanların aradan qaldırılması yollarını göstərib.
Müşavirəyə yekun vuran polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin rəhbərliyini, şəxsən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə, peşəkarlıqla yerinə yetirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin