Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 15:00
Türkiyədə ali təhsili alan zabit Samir Mikayıllı İkinci Qarabağ Müharibəsibdə igidlik göstərib və şəhid olub.
Sonxeber.net bildirir ki, ARB Xəbər-də şəhidlə bağlı geniş süjet yayımlanıb.
Şəhidin yaxını: "O, vaxtlar torpaqlarımız əldən gedəndə anadan olan oğullar, qisasımızı aldılar. Öz qanları bahasına torpaqlarımız azad olub, öz əzəli sahiblərinə qaytarıldı. Torpaq belə götürəndə uczus, bucaqsız bir məkandır. Ancaq, bu torpağa Samir kimi oğulların qanları töküləndə və bu torpaq o şəhid qanlarıyla yoğrulanda Vətən adını alır".
Nümunəvi xidmətilə hər kəsə örnək olacaq kapitan Samir Mikayıllı Ağcabədinin Salmanbəyli kəndində anadan olub. Samir 8-ci sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Liseyi başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Komandirlər məktəbində daxil olub. Elə həmin il də Müdafiə Nazirliyinin seçim prosesindən keçərək Türkiyədə quru qoşunlarının ali hərbi məktəbində təhsilini davam etdirib.
Sabir Sultanov - Şəhidin atası: "Aldığım məlumata görə, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Nəhayət 8 noyabr Şuşa şəhərinin alınmasında iştirak edir. Orada göstərdiyi igidliyə görə həmin gün 8 noyabrda kapitan rütbəsi vaxtından əvvəl verilir. 9 noyabrda minamyot qəlpə yarasından, qanaxmadan şəhid olur".
Birinci Qarabağ müharibəsinin iştirakçıları deyir ki, Samir və onun kimi digər vətən övladlarının hesabına bu gün başımız ucadır. Birinci Qarabağ döyüşlərində yaralanan bəzi keçmiş döyüşçülər bugünə qədər özlərini qazi hesab etməyiblər. Lakin İkinci Qarabağ Savaşında torpaqlarımız işğaldan azad edildikdən sonra özlərinə artıq həqiqi qazi deyə bilirlər.
Rəfael Cəfərov - Qarabağ qazisi: "1993-dən bəri olan tədbirlərdə, Qarabağ qazisi kimi bizləri təqdim eləmələrinə baxmayaraq, biz qaziliyi boynumuza götürmədik. Amma, Şuşa alınan gün gözümdə yaşlarla ortalığa çıxdım, bağıra-bağıra dedim ki, ay camaat bu gün mən qazi oldum. Mən Şuşa alınan gündən qazi oldum. Artıq o gündən özümü qazi saymağa başladım. Bu sevinci, bu səadəti bizə yaşadan, Samir kimi qardaşlarımızdır. Mən ona görə də şəxsən öz adımdan, öz yanımdan Samir qardaşımızın və bütün şəhidlərimizin ruhu qarşısıdan baş əyirəm".
Samir Mikayıllı kapitan rütbəsi aldıqdan cəmi bir neçə saat sonra şəhadətə qovuşur. Amma o, uzun illər yaddaşlardan silinməyəcək və örnək olacaq iz buraxıb.