Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmənin 20 gün susdura bilmədiyi sərrast tankçı - FOTO

Düşmənin 20 gün susdura bilmədiyi sərrast tankçı - FOTO

Tarix: 11 Dekabr 2020 21:32

Döyüşə girməzdən yarım saat əvvəl anasına sonuncu dəfə zəng edərək hər şeyin yaxşı olduğunu deyir. Amma özü isə ən şiddətli döyüşlərdə iki dəfə vurulan tankı ilə düşmənə qan uddurur. Qubadlı istiqamətində tankının yanına düşən mərmi nəticəsində yaralanan silahdaşlarını xilas etsə də öz həyatını qoruya bilmir. Döyüş meydanına gedərkən Vətən borcunu qanı ilə ödəyən şəhidimiz tankçı Fariz Zülfüqarovu birlikdə tanıyaq.

Şəhidin anası Həqiqət Zülfüqarova: "Oktyabrın 19-u danışdı mənimlə. Əhvalımı soruşdu, dedim yaxşıyam. Ana özünü qoru, özündən muğayat ol. Mən də dedim ki, mənim balam, mən rahat yerdəyəm, siz çöldəsiniz. Dedi, ana, sağ ol, sizi çox istəyirəm. Allah sizi qorusun. Ancaq bunları dedi mənə".

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şəhidin anası əlavə edib: "Fariz mənimlə hər gün danışırdı. Danışanda elə bilirsən toy bayram içində idi. Sevinə-sevinə, gülə-gülə danışardı. Bizə heç nəyi hiss etdirməzdi. Müharibədə olsa da çox şən danışardı. Çox vaxt zarafat edərdi. Zarafatı xoşlayardı. O, 5 günlük, 1 həftəlik evə gələn zaman sanki ev dolardı, o gedəndən sonra evimiz sakitləşərdi. Elə bil ki, o gedəndən sonra evdə boşluq yaranardı. O mənim dolu evim idi".

Fariz Zülfüqarov Aprel döyüşlərinin iştirakçısı olsa da, bu dəfə o, böyük Qələbə üçün vuruşdu. Vətən müharibəsində igidlik göstərərək yeni tarix yazdı. Ondan geriyə qalan isə ailəsinin və yaxınlarının hər zaman qürurla xatırlaya biləcəyi həyat hekayəsi oldu.

Şəhidin atası Fərhad Zülfüqarov: "Hərbi xidməti qurtardı. İki il başqa işlə məşğul oldu. Sonra dedi ki, istəyirəm gedəm hərb sahəsinə, həvəsim var. Hərbçi olacağam. Dedim həvəsin varsa buyur, get oğul, mən sənə xeyir-dua verirəm. 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Sentyabr 27-də Vətən müharibəsi başladı. 1-ci gündən müharibədə oldu. Dedi hökmən biz erməniləri torpaqlarımızdan qovub çıxaracağıq. Belə də oldu. Şükür Allaha, Zəfər çaldıq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun. Bütün şəhidlər bizim övladlarımızdır".

İdarə etdiyi tank iki dəfə vurulsa da, o, yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarov haqq savaşımızda, Füzuli, Zəngilan, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. İki dəfə yaralansa da döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabrın 19-da Qubadlıda keçirir. Mənfur düşmən 20 gün Farizin tankını hədəfə alsa da, cəsur tankçımızın atəşlərini susdura bilmirlər. Ertəsi gün Fariz düşmən tərəfindən vurulan tankının yaralı heyətini xilas etsə də öz həyatını Vətənin azadlığı uğrunda qurban verir.

Farizin silahdaşı, qazi Əliabbas Ağazadə: "Farizlə tanışlığımız sentyabrın 29-u baş tutdu. Onların tankı vurulmuşdu. Bizim yanımıza gəlmişdilər. Onu tanıdığım 10-15 gün mənim həyatımın bəlkə də ən yadda qalan günlərindən biri oldu. Ona hər şeydən öncə həyat borcum var. Çünki oktyabrın 10-da mən yaralanan zaman döyüş meydanından məni Fariz çıxarmışdı, qucağında maşına qədər aparıb təxliyə etmişdi. Ruhu qarşısında baş əyirəm".

27 yaşında ən uca zirvəyə, şəhidlik məqamına çatan Fariz Zülfüqarov Vətən müharibəsində 2783 şəhiddən biri kimi Azərbaycanın şanlı hərb tarixinə adını əbədi yazdırdı. Uğrunda canını verdiyi Vətənə Farizin iki övladı əmanət qaldı. Xalqımız daim sizinlə qürur duyacaq. Məkanın cənnət olsun, Şəhidim.


Etiketlər:  Düşmənin gün susdura bilmədiyi sərrast tankçı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ