Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

100-ə yaxın ermənini məhv edən şəhidin xanımı: Qızım dedi ki, gəl televizoru qıraq və atamı... - FOTO

100-ə yaxın ermənini məhv edən şəhidin xanımı: Qızım dedi ki, gəl televizoru qıraq və atamı... - FOTO

Tarix: 16 Dekabr 2020 23:10

Onlar zəncirləri qıraraq, zülmətləri yararaq xalqı işıqlı sabaha apardılar, ölümləri ilə ölməzlik qazandılar. Xalqın qürur və ləyaqətini qorudular, milləti zəfərdən zəfərə apardılar, canları və qanları bahasına...

"Bu oğlanın başına ermənilər bir milyon qoyacaq" deyərək döyüşə yollanan igid qəhrəmanlarımızdan biri də xüsusi təyinatlı hərbçi Məmmədov Elvin Tərlan oğludur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində vətənpərvərlik və rəşadəti ilə Şəhidlik zirvəsinə yüksələn Elvin Məmmədov 12.12.1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub.

O, 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən həqiqi hərbi xidmətə gedib, 2012-ci ildə xidmətini başa vuraraq ordu sıralarından tərxis olunub. Lakin Vətən sevgisi Elvini yenidən orduya qayıtmağa sövq edib. 2013-cü il tarixindən Elvin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Qərargahının N saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi şərəfli yola çıxaraq xidmətə başlayıb.

Milli.Az bildirir ki, həyat yoldaşı Nərmin Məmmədova qəhrəman şəhidimizin ömür yolundan publika.az-a danışıb. Nərmin xanım söyləyib ki, Elvin Məmmədov qısa zaman ərzində xidmət etdiyi hərbi hissədə yoldaşları arasında böyük hörmət qazanıb:

"Elvin hərbçi yoldaşlarının dəyərli qardaşı idi. O, cəsarəti və aktivliyi ilə komandirlərinin də diqqətini özünə cəlb etməyi bacarmışdı. Elvinin hərbi nizamnamənin tələblərini vaxtında və dəqiq yetirə yetirdiyini, yorulmadan çalışdığını görən hərbi hissə rəhbərliyi onu müxtəlif vaxtlarda təltif etmişdi".

Şəhidin xanımı bildirib ki, Elvinin yoxluğuna alışa bilməsə də, onunla qürur duyur:

"Vətəninə, ailəsinə sadiq bir insan idi. Söhbətinin əvvəli də, sonu da vətənlə başlayıb vətənlə bitirdi. Həmişə qürurlanırdı ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun həmyerlisidir. Qarabağda müharibənin başlamasını da böyük səbirsizliklə gözləyirdi. Elvin müharibə başlayan kimi torpaqlarımızın mənfur düşməndən təmizlənməsi üçün bütün qəlbi ilə döyüşə yollanan oğullardandır. Silahdaşları Elvinin 100-ə yaxın erməni əsgərini məhv etdiyini bildirib. O, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərində gedən döyüşlərdə torpaqlarımızın düşməndən təmizlənməsində böyük sücaət göstərərək qəhrəmancasına Şəhid oldu. Elvin böyük izdihamın çiynində Biləsuvar rayon Xırmandalı kəndində dəfn olundu.

Şəhidlər bizim azadlığımız uğrunda canlarından keçib, arzum odur ki, xalqımız və dövlətimiz bu igidləri heç vaxt unutmasın. Şəhid və qazi ailələri üçün ən əsas mənəvi dəstəkdir. Onların indi sevgiyə və diqqətə heç vaxt olmadığı qədər ehtiyacı var".

Şəhidin həyat yoldaşı qeyd edib ki, Elvin Məmmədov son vəsiyyətini qardaşına edib. Son döyüşə girməzdən əvvəl gözünün ağı-qarası 5 yaşlı Sevincini qardaşına əmanət edib:

"Ən ağırı odur ki, atasının yoxluğunu qızımıza izah edə bilmirəm. 5 yaşı var, hələ ölümün nə demək olduğunu dərk etmir. Deyə bilmirəm ki, atan bir daha geri qayıtmayacaq, saçına sığal çəkə bilməyəcək. Bir neçə gün əvvəl Elvinin doğum günü idi, toy diskinə baxırdıq. Qızım nənəsinə dedi ki, gəl televizoru qırıb atamı ordan götürək..."

Elvinin anasına çox bağlı bir övlad olduğunu deyən Nərmin Məmmədova həyat yoldaşı haqqında təsirli xatirəsini də bizimlə bölüşüb:

"Evdə hamımız namaz qılırıq. Elvin sübh namazında heç vaxt anasını səsləyib çağırmırdı, gedib ayaqlarından öpürdü ki, hiss edib oyansın. Belə bir oğul idi Elvin".

Milli.Az


Etiketlər:  100 ə yaxın ermənini məhv edən şəhidin xanımı Qızım dedi ki gəl televizoru qıraq atamı FOTO


RƏYLƏR