Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 18:32
Çili prezidenti maskasız selfi çəkdirdiyinə görə 3500 dollar cərimə olunub.
Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Çili prezidenti Sebastyan Pinera maskasız selfi çəkdirərək, koronavirusla mübarizə qaydalarını pozub və buna görə də 3500 dollar pul cəzası alıb. Pinera maskasız bir qadınla çəkdirdiyi fotoşəkil internetə yayıldıqdan sonra üzr istəyib.
Prezident etiraf edib ki, qadının Caçagua şəhərindəki evinin yaxınlığındakı çimərlikdə çəkdiyi fotoşəkildə maska taxmalı olsa da, bunu etməyib. Çilidə ictimai yerlərdə maska taxmaq üçün sərt qaydalar tətbiq olunur. Maska qaydasının pozulması pul və hətta həbs cəzası ilə nəticələnir.
Latın Amerikasında ən çox xəstəlik və ölüm hadisəsi olan ölkələrdən biri olan Çilidə COVİD-19-la bağlı statistika gündən-günə artmaqdadır. Con Hopkins Universitetindən alınan məlumata görə, bu günə qədər ölkədə 581.135 yoluxma, 16.051 ölüm hadisəsi qeydə alınıb.
Mübahisəli fotoşəkilləri daha öncə də Pinera üçün problemlər yaratmışdı. Belə ki, keçən il, paytaxt Santyagodakı qeyri-bərabərlik əleyhinə etirazlar gecəsində prezident bir pizza partisində şəkil çəkdirmiş və etirazlara səbəb olmuşdu. Pinera, keçən aprel ayında koronavirus məhdudiyyətləri başlamazdan əvvəl hökumət əleyhinə tədbirlərin keçirildiyi meydanda da poza verərək, insanların qəzəbinə səbəb olmuşdu. Həmin vaxt Santiagodakı koronavirus əleyhinə tədbirlər insanların sərt reaksiyasına səbəb olmuşdu. İyun ayından bəri Çilidə gündə 1000-dən çox insan virusa yoluxur. Dekabr ayında Pinera ölkədəki koronavirusla bağlı məhdudiyyətlərin daha 90 gün uzadılması barədə qərar verib.