Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 12:42
Bakı. Samir Əli - Trend:
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.
Trend-in məlumatına görə, bu dəfə əsgər sovqatı 5 rayonda - Xocavənd, Ağdam, Tərtər, Ağcabədi və Goranboy rayonlarında xidmətdə olan hərbçilərə şəxsən təqdim olunur.
Ağdam rayonunda işğaldan azad edilən ərazidə yerləşən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgərlər qarşısında çıxış edən “Bravo” supermarketlər şəbəkəsinin nümayəndəsi Sərdar Məmmədov hərbi qulluqçuları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib:
"Bu gün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərimiz düşmən tapdağından azad edilib. Azərbaycan xalqı sizin kimi qəhrəman övladları ilə fəxr edir, sizə güvənir. Sizin sayənizdə Azərbaycan Ordusu qalib ordudur. Bu gün bütün dünya Azərbaycan Ordusunun, siz əsgərlərin qəhrəmanlıqlarından danışır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün Bravo" supermarketlər şəbəkəsi hərbi qulluqçulara növbəti dəfə əsgər sovqatını çatdırır və sizi təbrik edirik. Siz qalib ordunun qalib əsgərlərisiniz. Yaşasın Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!"
Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, sovqatlara görə isə Heydər Əliyev Fonduna və "Bravo" supermarketlər şəbəkəsinə minnətdarlığını bildirib.
S.Məmmədov Trend-ə açıqlamasında deyib ki, bu dəfə hər rayona 2500-4000 nəfərlik əsgər payı gətirilib: "Sovqatlar hərbi hissələrdə əsgərlərin özlərinə təqdim olunub. Əsgər sovqatları əsasən gündəlik tələbat, qida məhsulları və gigiyenik vasitələrdən ibarətdir. Əsgər sovqatları cəbhə bölgəsində xidmət edən bütün hərbçilərə təqdim ediləcək".