Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Tarix: 15 Iyul 2019 12:18

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında qlobal siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə Amerika mərkəzi bankının (FED) uçot faizini azaldacağı ehtimalları aktual olaraq qalır və bu dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 1%-ə kimi ucuzlaşma ehtimallarını gücləndirir. ABŞ ilə Çin arasında ticarət sazişi danışıqları fonunda qeyri-müəyyənliyin hökm sürdüyü bir şəraitdə, Qərb ölkələri ilə İran arasında münasibətlər də getdikcə gərginləşməkdədir. Bütün bunlar dünya iqtisadiyyatının inkişaf proqnozlarını da aşağı salmaqdadır.

Nəticədə EUR/USD məzənnəsinin də 1.1313$-a kimi bahalaşması proqnozlaşdırılır. Bununla yanaşı, Avrozonadan çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da iqtisadi aktivliyə dair gözləntiləri ölçən indeks, ticarət dövriyyəsi və çərşənbə günü saat 13:00-da inflyasiya ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

GBP

Funt da dolların ucuzlaşa biləcəyi ehtimalları fonunda 1.2661$-a kimi bahalaşa bilər. Burada isə çərşənbə axşamı saat 12:30 və çərşənbə günü saat 12:30-da İngiltərədən dərc ediləcək əmək bazarı və inflyasiya ilə bağlı statistik məlumatlar önəmli rol oynayacaq.

Böyük Britaniyada seçiləcək baş nazir fonunda qeyri-müəyyənliklər və Avropa Birliyindən sazişsiz ayrılma ehtimalları ilə bağlı siyasi təzyiqlər də diqqət mərkəzindədir.

TRY

Türkiyə ilə Amerika arasında siyasi gərginliyin daha da artması ehtimallarının USD/TRY məzənnəsinin də 5.83TL-yə kimi bahalaşmasına səbəb ola bilər.

Çərşənbə axşamı saat 11:00-da işsizlik və çərşənbə günü saat 11:00-da pərakəndə satış dövriyyəsinə dair Türkiyədən yayımlanacaq önəmli göstəricilər də investorların diqqət mərkəzindədir.

OIL

Amerika sahillərində qasırğa təhlükəsi ilə əlaqədar olaraq, keçən həftə ərzində Avropanın Brent neftinin bir barel qiyməti 67$-a kimi dəyər qazanmışdır. Təhlillərə əsasən, bir barel üzrə qiymət 69$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Beynəlxalq birjalarda FED-in faiz azaldılması və dolların ucuzlaşması ehtimalları əlvan metallar bazarlarında qızılın 1400$-da dəstək görməsinə səbəb olur. Bir unsiya üzrə qiymət hal-hazırda 1410$-ın (45.3 $/qram) üzərində ticarət edilir və 1420$-ı (45.7 $/qram) qırarsa, 1436$-a (46.2 $/qram) kimi də bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


RƏYLƏR