Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:18
Minalardan təmizlənmə ilə əlaqədar, hesab edirəm ki, biz bu sahəni böyük dərəcədə gücləndirməliyik. Çünki mənə verilən məlumata görə, bu günə qədər bu məsələ ilə məşğul olan qurumun heç hər hansı bir dövlət statusu da yoxdur. ANAMA qurumunun dövlət statusu yoxdur, bu, adi agentlikdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"O, faktiki olaraq dövlət idarəetmə strukturunda agentliyə xas olan səlahiyyətlərə malik deyil. Bu, vaxtilə yaradılmış komissiyanın nəzdində olan bir qurumdur. Ona görə mən artıq göstəriş vermişəm ki, bu qurum yaxın günlərdə yenidən təşkil edilsin. Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilməsinə də baxmaq olar. Çünki bu qurumun də faktiki olaraq agentlik statusu yoxdur. Say tərkibinə baxılmalıdır. Mənə verilən məlumata görə, orada təqribən 500 adam çalışır.
Əlbəttə, bu tərkiblə biz istədiyimizə nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir texnika ilə təchiz edilməlidir. Dövlət İnvestisiya Proqramında bunu mütləq nəzərə alın ki, biz bu məsələyə çox vaxt itirməyək. İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir. Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq. Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir. Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. Çünki bu ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir".