Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 07:22
COVID-19 ilə mübarizə davam edir. Bu günə olan məlumata görə dünya üzrə 85 milyondan çox yoluxma halı aşkar edilib. Bir sıra ölkədə təcili yardım maşınları xəstələri vaxtında xəstəxanalara çatdıra bilmirlər. Bununla belə virus mutasiya edir: Böyük Britaniyada və Cənubi Afrikada genetik dəyişikliklərə malik olan viruslar aşkar edilib. Söhbət iki müxtəlif mutasiyadan gedir. Lakin hər iki ştamm xəstəliyin ağırlığına təsir etmir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki direktoru Mariya van Kerkhov bildirib. Cenevrədə keçirilən brifinqdə o, həmkarı, ÜST-nin fövqəladə hallar üzrə direktoru Maykl Rayanla birgə jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin COVID-19 ilə bağlı suallarına cavab verib.
Mariya van Kerkhov qeyd edib ki, virusun yayılması ilə bağlı vəziyyət regiondan regiona fərqlənir. Asiya ölkələrinin çoxu vəziyyəti nəzarət altına almağa müvəffəq olublar. Avropa və ABŞ-da isə virus sürətlə yayılmağa davam edir. Bəzi ölkələrdə xəstəxanalar həddindən artıq doludur və köməyə ehtiyacı olan pasiyentlər axınının öhdəsindən gələ bilmirlər.
Virusun mutasiyasından danışarkən, Mariya van Kerkhov və Maykl Rayan qeyd ediblər ki, alimlər Böyük Britaniyada və Cənubi Afrikada aşkar edilmiş yeni variantların üzərində əlavə tədqiqatlar aparırlar. Artıq müəyyən edilib ki, bu iki ölkədə virusun hər iki ştammı - bəzi oxşarlıqlarına baxmayaraq, müxtəlifdir. Onlar insandan-insana daha asan ötürülür, başqa sözlə, daha yüksək sürətlə yayılır. Lakin virusun mutasiyası xəstəliyin gedişatının şiddətində dəyişikliyə səbəb olmadı.
"Yaxşı xəbər ondan ibarətdir ki, virusun mutasiyaya uğramış bu variantlardan heç biri xəstəliyin daha ağır formasına səbəb olmur. Lakin onlar daha tez yayıla bilir", - deyə Kerkhov bildirib.
İlkin məlumatlara görə, mutasiya etmiş virusları artıq istifadədə olan testləşdirmə vasitələrinin köməyi ilə aşkar etmək olar. Həm də COVID-19 əleyhinə vaksin, o cümlədən yeni ştammlara münasibətdə də səmərəlidir.
"Artıq mövcud olan vaksinlərin mutasiya etmiş viruslara qarşı səmərəli olmayacaqlarını ehtimal etmək üçün heç bir əsas yoxdur...", - deyə Maykl Rayan vurğulayıb.
ÜST ekspertləri bildiriblər ki, təşkilat dünyanın bütün ölkələrini virusun istənilən yeni variantlarını vaxtında aşkar etməyə, virusların yayılma proseslərini öyrənməyə və aşkar edilmiş mutasiyalar halları barədə məlumat verməyə çağırıb. Onlar qeyd ediblər ki, mutasiya - virusun təbii uyğunlaşma prosesidir. COVID-19-a səbəb olan koronavirus artıq bir ildir yayılır və onun vəzifəsi nüfuz etdiyi orqanizmi məhv etmək deyil, sağ qalıb çoxalmaqdan ibarətdir.
ÜST nümayəndələrinin sözlərinə görə, vaksin COVID-19 ilə mübarizədə səmərəli vasitədir, lakin, o, hələ hamıya əlçatan deyil, bu gün onun istehsalı həcmlərini artırmaq və çatdırılmasını sürətləndirmək son dərəcə vacibdir. ÜST əməkdaşları bir daha hamını əsas sanitariya və epidemiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə riayət etməyə çağırıb.
"Fiziki məsafə - COVID-19-un yayılmasının qarşısını almaq üçün ən səmərəli üsullardan biridir. Biz hamımız ayıq olmalı, yaxınlıqda olanları qeyd etməli və hər zaman məsafə saxlamalıyıq. Biz əllərimizi dezinfeksiya etməli və yumalıyıq, maskalardan istifadə etməliyik, pəncərələri açmalıyıq və insanların çox sayda toplaşdığı yerlərə getməkdən çəkinməliyik, evdə qalmalıyıq və digər tövsiyələrə əməl etməliyik", - deyə Mariya van Kerkhov vurğulayıb. O əlavə edib ki, insanların əksəriyyəti bu tövsiyələrə əməl etmir və təxirə salına biləcək səyahətlərə yollanır və ya böyük kampaniyalarda yığışırlar. Bütün bunlar xəstəlik hallarının sayının artımasına səbəb olur.
Jurnalistlərin suallarına cavab verən ÜST nümayəndələri bu günə olan məlumata görə hətta COVID-19 xəstəliyini simptomsuz keçirən insanlarda immunitetin yarandığını bildiriblər. Lakin bu immunitetin nə qədər davam etdiyi hələ məlum deyil. Bununla bağlı tədqiqatlar hələ davam edir.