Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 16:33
"2020-ci ildə dünya dövlətlərinin COVID-19 virusu ilə mübarizə apardığı bir zaman kəsiyində Azərbaycan dövləti həm də ikinci bir cinahda mübarizə apardı".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, Azərbaycanın "Böyük iyirmilik" (G20) ölkələrinin zirvə görüşünə dəvəti ölkəmizin artan iqtisadi gücünü də geniş şəkildə əks etdirir:
"Beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl edərək öz ərazi bütövlüyünü təmin edən və müharibədən qalib ayrılan Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu daha da möhkəmləndi. Azərbaycanın döyüş meydanında, eyni zamanda diplomatik masada qalib olmasının nəticəsidir ki, dünyanın bir çox inkişaf etmiş ölkələri Azərbaycanla ikitərəfli və çoxtərəfli zəmində münasibət qurmaqda maraqlıdırlar. Koronavirus pandemiyasına qarşı aparılan mübarizədə də Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer aldı. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir. Bu baxımdan da Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək "Böyük iyirmilik" (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Bu amil isə heç şübhəsiz ki, Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir. Bu iştirak, eyni zamanda, Azərbaycanın artan iqtisadi gücünü də geniş şəkildə əks etdirir".
Ş.Həsənova onu da qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti bütün sferalarda özünün ən parlaq mərhələsini yaşayır:
"Nəzərə alsaq ki, bu tədbirə eyni zamanda BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıblar o zaman əminliklə deyə bilərik ki, məhz bu amil də ölkəmizə olan yüksək etimaddan xəbər verir. Əldə olunan uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ötən il ərzində ölkəmizin hərtərəfli inkişafı təfsilatı ilə dilə gətirildi, görüləcək işlər haqqında detallı məlumat verildi. Bu baxımdan da əminliklə deyə bilərik ki, bu gün müstəqil Azərbaycan dövləti bütün sferalarda özünün ən parlaq mərhələsini yaşayır. Bu müsbət tendensiyalar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimiz Azərbaycanda təhlükəsizliyin təminatçısı, əmin-amanlıq və inkişafın qarantıdır. Aparılan islahatlara, uğurlu daxili və xarici siyasətə dəstək və yüksək qiymət yalnız ölkə daxilində xalq tərəfindən verilmir. Bu çoxşaxəli fəaliyyət beynəlxalq arenada da böyük rezonans doğurur. Bu baxımdan da Azərbaycanın "Böyük iyirmilik" (G20) ölkələrinin zirvə görüşünə dəvət olunması olduqca müsbət haldır".
Təhməz Əsədov