Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 23:51
Bakı. Trend:
Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Əlizadə Yüksəl İlqar oğluna həsr edilmişdir...
- Salam Yüksəl,
- Salam.
- Birinci sənin şəklini gördüm, sonra da sənin bir dostunla danışdım.
- Sağ olsun dostlar (gülümsəyir).
- Yüksəl, sən Bakı Dövlət universitetində oxumusan və sonra Qəncədə məhkəmədə işləmisən.
- Bəli, məhkəmədən sonra prokurorluqda baş məsləhətçi kimi işləməyə başladım və elə həmin il Naxçivan Dövlət universitetinə qiyabi qəbul olundum.
- Sonra da müharibəyə könüllü getdin?
- Sonra da tam başqa həyat, sonra da Qarabağ, sonra da mənim Vətənə borcum...
- Dostun mənə sənin votsapındakı statusunu göstərdi. “Şəhidlər ölməz, vətən bölünməz”.
- Elədir ki , var. Həmişə elə fikirləşirdim.
- Bəs sevgidən nə fikirləşirdin?
- Mən onu sizə Barış Akarsunun sözləri ilə deyim, olar?
- Əlbəttə!
- Oxuya bilmirəm, amma çalışaram (gülür).
Ama vazgeçme
Sevmekten vazgeçme
İstemekten
Umutları sönmez insanın
Ama vazgeçme
Gülmekten vazgeçme
Direnmekten
Anlamsız gelse de hayatın.
- Bu sözlər kimə aiddir, Yüksəl?
- Bütün sevənlərə, bir- birilərindən heç zaman vaz keçməsinlər.
- Evə tez-tez zəng vururdun?
- Çalışırdım, mənim iki qardaşım var, birinin uşağı olmalı idi həmin ərəfələrdə. Dedim mənim adımı versinlər.
- Niyə?
- Çünki mənim adım qeyri adidir, gözəldir (gülür). Bir də fikirləşdim ki,məndən sonra mənim üçün darıxanda adımı səsləndirə bilməyəcəklər. İndi isə hər şey öz yerini tutdu.
- Yüksəl, sən nə vaxtsa yazmışdın ki, bütün başlanğıcları sevirsən. Çünki onlarda ümid var, gözlənti var, inam var. Başlanğıclar hamısı sevinclidir. Amma sonları - finalları sevmirsən. Uğursuzluq, məyusluq, məğlubiyyət acısı var sonlarda. Hətta uğurlu sonluq belə kədərlidir, uğurun bitməsi acısını yaşadır adama...
- Bəli, mənim sözlərimdir. Amma bizim sonumuz yoxdur, əksinə, bizim başlanğıcımız qələbədədir!
- Yüksəl, müharibənin səsini necə təsvir edə bilərsən?
- Mən müharibənin səsini on doqquz güllədən sonra Xocəvənd istiqamətində eşitdim. Özümü sanki göydə gördüm, altımda Qarabağın dağları... Və kiminsə səsi məni yuxarıya çağırırdı.
- Nə deyirdi?
- Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə...