Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 16:56
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən fəaliyyət göstərən əsas komissiyanın bir neçə bölgədə səyyar qrupları da işə başlayır.
Bakı şəhəri və Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiya ilə yanaşı vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq səfərbərlikdən tərxis edilmiş şəxslərin yanvarın 18-dən Gəncə şəhəri və Pirəkəşkül qəsəbəsində də qəbulu həyata keçiriləcək.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, vətəndaşlarımızın rahatlığını təmin etmək, komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə "Qaynar xətt" telefon nömrələri Bakı (012) 404-76-34 və (050) 873-21-85, Gəncə (050) 758-27-34, Füzuli (050) 706-70-07 və Pirəkəşküldə (050) 653-16-39 fəaliyyət göstərəcək.
Eyni zamanda onu da bildiririk ki, hazırda fəaliyyət göstərən komissiya "Müharibə veteranı" adının və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxmaq səlahiyyətində deyil. Vətəndaşlardan xahiş olunur ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər.