Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 15:08
Bakı. Samir Əli - Trend:
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə portağal sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, portağal, fındıq və pambıqdır.
Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə portağal bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər: "Portağal sahələrinin sığortalanması zamanı portağalın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün portağal bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.
Belə ki, portağalın bir hektarı üçün məhsuldarlıq norması 33,3-720 sentner arasında, qiymət isə 80-130 manat/sentner arasında müəyyən edilib.
Portağal sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir. Məsələn, Lənkəranda əkin sahəsi – 2 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda
Sığorta məbləği = 2 x 130 x 100 = 26 000 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində portağal bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən "baza zərfi", digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər".
Məlumatda qeyd edilir ki, birinci “baza zərfi”ndə azadolma məbləği 10%-dir: "Bu zərf portağal bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına riskləri aiddir. İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir.
Bu zərf portağal bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər, bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat aiddir. Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10%-dir. Bu zərf portağal bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.
3-cü sığorta zərfinə aid risklər isə dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminatdır.
3-cı sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur.
Hansı sığorta zərfinin seçilməsi fermer və ya portağal bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz".
Fonddan qeyd ediblər ki, portağalın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları portağalın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.
Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə Gəncə-Qazax zonasında 1-ci sığorta zərfi üzrə 4,28%, ikinci zərf üzrə 2%, 3-cü zərf üzrə isə 1,98%-dir. Aran rayonlarında bu zərflər 2,68%, 2% , 1,18%, Quba-Xaçmazda 2,42%, 2% , 1,05%, Şəki-Zaqatalada 4,28%, 2%, 1,98%, Dağlıq Şirvanda 3,68%, 2%, 1,68%, Lənkəranda 2,42%, 2%, 1,05%, Abşeronda 2,38%, 2%, 1,03%, Yuxarı Qarabağda 3,26%, 2%, 1,47%-dir.
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 39 min manat olan məhsulun sığortalanması üçün fermer 471,9 manat və ya hər hektara cəmi 157,3 manat ödəyir".
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.
Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.
Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, portağal sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.
Fermerlər və iş adamları portağal sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 10-dək davam edəcək.
Aprelin 10-dək edilən müraciətlərdə portağal sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 10-dan mayın 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə portağal sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.