Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz

Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz

Tarix: 24 Yanvar 2021 09:28

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusa qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilər ötən ilin sonlarına dogru neft qiymətlərində artım dinamikası yaratmağa başladı. Eyni zamanda bəzi ölkələrin könüllü istehsal məhdudiyyətləri tətbiq etməsi ötən ilin sonuncu rübündən başlayaraq neft qiymətlərinin təxminən 45-50 faizədək artrmasına səbəb oldu. İlin əvvələrindən isə bu biz bu artımın davamını görməyə başladıq. Çünki peyvəndlə bağlı olan ümidlər daha real göründü və hətta bunun praktik istifadəsinə start verildi.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bununla əks-arqument olaraq planetin bəzi ərazilərində koronavirusun yeni formalarının peyda olması, Çində yeni yoluxanların artmağa başlaması, Avropada sərt karantin tədbirlərinin yenidən qüvvəyə minməsi isə son vaxtlarda artan qiymətlərdə dalğalanma yaratmağa başladı:

"Lakin düşünürəm ki, dünyada koronavirusa qarşı kütləvi peyvəndləmə prosesinin başlanması səbəbindən artım tendensiyası yaxın günlərdə yenidən özünü göstərəcək. Lakin bunun da stabil və davamlı olmayacagını gözləyirəm. Çünki bu sahədə əsas sözü peyvəndlərin özünü nə dərəcədə isbata yetirməsindən asılı olacaq. Əgər peyvəndlərin effektiv olduğu sübut edilərsə, neftə olan sutkalıq tələbat 100 mln. bareli ötə bilər. Bu isə təbii olaraq, neft qiymətlərinin 60 dollara qədər yüksəlməsinə imkan verəcək. Amma qeyd etmək lazımdır ki bunu yalnız cari ilin sonlarına doğru görə bilərik. Çünki ilin birinci yarısı tərəddüdlü faza olacaq. Vaksinlərin özünü doğrultması, bundan dolayı sahələrin müsbət mənada təsirlənməsi və nəticədə neftə olan təlabatın artması bu gözləntini reallığa çevirə bilər".

İqtisadçı hesab edir ki, əgər hasilat bugünkü səviyyədə saxlanılarsa, qiymətlərin yuxarı həddi ilin sonlarına doğru 65 dollara qədər yüksələ bilər. Lakin postpandemiya dövrü virus vaksinasiyasının müsbət təsirləri təsdiq edildikdən sonra həm də neft hasilatı səviyyələrində də oxşar tendensiya gözlənilir. İlin birinci yarısında neft tədarükünün böhrandan əvvəlki səviyyələrdən çox aşağıda qalacağı, tələbatın artması fonunda isə tədricən yüksələcəyi gözlənilir. Bu isə qiymətlərin 60 dolları, ən yaxşı halda 62 dolları ötə biləcəyinə mane olan əsas səbəb olacaq:

"Odur ki, neft qiymətlərini üç senari üzrə təsniflatlaşdırsaq, 2021-ci ildə neftin orta statistik qiymətinin optimist senaridə 60-61, orta senaridə 55-56, pessimist senaridə isə 50 dollar ətrafında dəyişəcəyini gözləyirəm. Xüsusilə vurğulamaq istəyirəm ki bu, dövlətin 2021-ci il büdcəsində nəzərdə tutulan neftin qiyməti üçün 3 senari - Optimist, Baza, Pessimist senariləri deyil".

E.Əmirov əlavə edib ki, hökumət 2021-ci ildə risk etməməyi və neftin qiymətini daha aşağı - 40 dollardan götürməyi qərara alıb. Cari ildə neft qiymətlərinin ən pis ssenari üzrə 50 dollar olacağı halda belə bu qiymət səviyyəsi büdcədə nəzərdə tutulmuş qiymətdən ən pis halda 25% çox olacaq. Orta ssenari üzrə isə bu qiymət səviyyəsinin 35-40 faiz daha artıq olma ehtimalı var:

"Çünki vaksinin təsirinin uğurlu nəticəsindən və bundan qaynaqlanan iqtisadi aktivliyin artması səbəbindən orta senarinin, yəni büdcədə nəzərdə tutulandan 40% artıq qiymət formalaşması büdcəyə yenidən baxılması ehtimalını yaradır. Amma bu ən yaxşı halda ilin üçüncü rübündə mümkündür".


Etiketlər:  Peyvəndləmənin effektivliyi neftin dollara qədər bahalaşmasına imkan verəcək Proqnoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ