Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 12:39
Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun qəhrəmanlığı, əzimkarlığı və xalqın birliyi ilə, həmçinin də qardaş Türkiyə dövlətinin dəstəyi və Rusiyanın neytrallığı ilə 30 ildən sonra Ermənistan üzərində möhtəşəm qələbə əldə edib. Bu qələbə cəmi 44 günə qazanılıb.
Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavini bildirib ki, Ermənistan tək işğal etdiyi əraziləri itirmədi, külli miqdarda maliyyə xərclərindən də məhrum oldu:
"Uzun illər işğal altında qalan 20% torpağımızın faktiki 16%-ni işğaldan tam qurtarmışıq. Və hər gün aparılan siyasətlə Prezident İlham Əliyev yerdə qalan ərazilərimizin əldə olunması istiqamətində addımlar atır. Necə ki, 3 rayonumuzu, Kəlbəcər, Ağdam və Laçın bir güllə atmadan, bir şəhid vermədin İlham Əliyev geri qaytardı, indi də bir güllə atılmadan Xankəndi, Xocalı və digər 4% torpağımızı geri qaytarmaq siyasəti aparılır. Bütün bunları, təbii ki, on illərdi xəstə ideoloji təbliğat aparan erməni cəmiyyəti qəbul edə bilmir və hələ də inana bilmirlər ki, qısa müddət ərzində 30 ildir istismar etdikləri Qarabağ və ətraf rayonları itiriblər. Ermənistan tək işğal etdiyi əraziləri itirməyib, külli miqdarda maliyyə xərclərindən də məhrum olunub. Rəsmiləri bildirir ki, 2021-ci il üçün nəzərdə tutulan Qarabağ və ətraf rayonlarda əldə olunacaq 300 milyon kv saat enerjini itirmişik, 150 min ton taxıl yığımından məhrum olmuşuq, 200 milyon dollar Qarabağa qoyulan sərmayəni itirmişik. Təsəvvür edirsiniz bu məsələlər Ermənistan üçün hansı ağır iqtisadi durum yaradacaq və Azərbaycan dövlətindən necə aslı durum yaradacaq?! 44 gündə Ermənistan ordusuna 5 milyard dollardan artıq dəymiş ziyanı da nəzərdən qaçırmayaq. Bütün bunları ermənilər yaxşı başa düşdüyündən sosial şəbəklərdə, mediada etiraz edirlər".
N.Orduxanlı onu da qeyd edib ki, radikal müxalifət Qarabağ kartından istifadə edib nə vaxtsa hakimiyyətə gələ biləcəyini düşünürdülər:
"Bizdə yazılan neqativ fikirlərə gəldikdə, kimlər edir bunu? Radikal müxalifət və onların ətrafında olan şəxslər. İlham Əliyev radikal müxalifətin əlindən arqumenti alıb. Onların sığındığı Qarabağ kartını cənab Prezident əllərindən alıb. İndiki vəziyyət bu qüvvələrə də sərf etmir. Bilirlər ki, İlham Əliyev 44 günlük müharibədən sonra çox yüksək reytinq əldə edib və bu vəziyyət onları qane etmir. Həmçinin də Qarabağın geri qaytarılması Qərbin də narazılığına səbəb olub və Qərbdə olan güclü erməni diasporasının fəaliyyəti ilə həmin radikal müxalifət ümumi narazılıqlarını ortaya qoyublar. Oxucular bütün bunları analiz edəndə görəcəklər ki, bu vəziyyət niyə onları qane etmir. Bu qüvvələr Qarabağ kartından istifadə edib, nə vaxtsa hakimiyyətə gələ biləcəyini düşünürdülər".
Təhməz Əsədov