Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 21:24
BAKI, Azərbaycan, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Haciyev Kamran Fizuli oğluna həsr edilmişdir...
- Salam, Kamran.
- Salam.
- Danışaq?
- Olar (gülümsəyir)
- Eşitdiyimə görə sən həmişə hərbçi olmaq istəyirdin.
- Bəli, bu mənim arzum idi.
- Hərbçi olmaq nə vaxtsa müharibədə iştirak etmək deməkdir. Bu səni qorxutmurdu ki?
- Əksinə. Tam hazır idim. İyul ayında Polad Həşimovun ölümündən sonra mən özümə yer tapa bilmirdim. Biz onu itirməməli idik. Deyirdim kaşki müharibə başlasın, gedim...
- O da başladı...
- Bəli, amma mən Xocalının qisasın ala bilmədim...
- Səni çox gözəl başa düşürəm, amma onların ruhu şaddır və vaxt gələcək onlar göylərə ağ kəpənəklər kimi uçacağlar... Mən buna inanıram... Kamran, mənə bir az müharibədən danış, döyüşlərdən.
- Çox şeylər baş verib. Uşağlarla Hadrutda dörd gün yeməksiz galdıq. Dedilər, ay Həci bir çarə tapmalıyıq. Fikirləşdım neyniyim, ağlima ancaq erməni hərbi formasını geyinib kəndə düşmək gəldi.
- Yemək tapa bildin?
- Bəli, onların marketləri var idi, elə ordan (gülür).
- Çətin idi?
- O qədər də yox. Dostlarımı düşünəndə galanı boş şey idi... Çətini bilirsiniz nə idi, 60 kiloluq silahları dağa qaldırmaq, ordan düşmək və yenə silahla birgə galxmaq idi (gülür). Bir də yeməkdən başqa rəngləri tapmaq çətin idi.
- Hansı rəngləri?
- Hadrutda indi Milli Qəhraman Mübariz İbrahimovun şəkli var, onun da yanında, daşın üstündə ermənlərin bayrağı var idi. Onun üstündən mən azərbaycan bayrağını çəkdim (gülümsəyir).
- Ay Kamran, kaşki mən orada olardım, rəngləməkdə sənə kömək edərdim. Bütün müharibəni keçmisən...
- Kaşki keçərdim, amma Şuşaya çatmadım... Ərgünəş zirvəsinə qədər gedə bildim. İndi o yerə Qanlı təpə deyirlər... Oktyabrın iyirmi birində evdəkilərlə danışdım. Qardaşımgilə zəng vurdum, sonra da anama.
- Anan nə dedi?
- Həmişə dediyini, ay Kamran, əsgərlərə yaxşı bax, onları goru... Bilirsiniz, anamla danışandan sonra sadəcə yarım saat keçdi yenə anamın səsin eşitdim.
- Nəcə?
- Mənə deyirdi, Kamran evə, Kamran evə... Sanki uşaqlıqda məni evə çağırırdı...
- Kamran, gəl bir az sevgidən danışaq. Sənin üçün sevgi nədir?
- Mənim üçün sevgi - ana deməkdir.
- Bəs sevgilin olmayıb?
- Yox, anam qədər heç kimi sevə bilməmişəm, qismət olmadı...
Kamran oturduğu yerdən durub güzgüyə yaxınlaşdı.
- Necə görünürəm?
- Çox yaraşıqlı. Niyə soruşursan ki, Kamran?
- Mən sizə öz arzumu dedim söhbətin əvvəlində, amma gerçək arzum o idi ki, anam mənimlə fəxr etsin. Həmişə deyirdim ki, uşaqlıq şəkillərimə baxıb mənimlə fəxr edəcək... İndi də şəkil çəkdirmək istəyərdim...
Kamranın şəklini gözlərimlə çəkdim. O şəkildə Kamranın üzünə günəşin işığı düşür. Sanki Ərgünəş zirvəsi Kamranı heç buraxmayıb və biz nə vaxtsa onu orada görə biləcəyik...