Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlətimizin həyata keçirdiyi siyasətin əsasında nə dayanır? - ŞƏRH

Dövlətimizin həyata keçirdiyi siyasətin əsasında nə dayanır? - ŞƏRH

Tarix: 2 Fevral 2021 16:18

COVID-19 pandemiyası 2020-ci ili iqtisadi baxımdan dünya dövlətləri üçün durğunluq dövrü kimi tarixə yazdı. Diqqət yetirsək görərik ki, mübarizə tədbirlərinə başlanan zaman əksər dövlətlərin özünə qapanaraq vəziyyətdən çıxmaq üçün düzgün yol müəyyənləşdirə bilməmələri bir sıra iqtisadi və sosial fəsadlara yol açdı. Azərbaycan isə yenə də özünün təcrübəsi ilə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən bu proqnozunu açıqladı ki, Azərbaycan koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxacaq. Dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bugünədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik. Nəzərə alaq ki, Azərbaycan ötən il koronavirus infeksiyası ilə mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyünü bərpa etdi, 30 illik işğala son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə haqqın, ədalətin gec-tez qalib gələcəyini göstərdi. Təbii ki, 44 günlük müharibə, eyni zamanda, ölkəmizin bütün sahələrdə malik olduğu imkanların da təqdimatı oldu.

Bu fikirləri Sonxeber.net-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda "Xırdalan" yarımstansiyasının, həmçinin bu rayonda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı bir daha bu reallığın təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır: "Möhtərəm Prezidentimiz İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin pandemiyaya qarşı mübarizə, həmçinin postmüharibə dövründə görüləcək işlərə bir daha diqqəti yönəldərək bu əsas hədəfi açıqlamışdır ki, dünyaya müasir Azərbaycanın gücünü göstərməliyik. Azərbaycanın COVID-19-la mübarizə tədbirlərinə başlandığı gündən həyata keçirdiyi tədbirlər planlı xarakter daşıyıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə reallaşdırılan tədbirlər Azərbaycan təcrübəsinin təqdir olunmasını şərtləndirir. İlk gündən səhiyyə sisteminin təkmilləşdirilməsinə, yeni xəstəxanaların tikilib istifadəyə verilməsinə, modul tipli xəstəxanaların quraşdırılmasına diqqət göstərildi. Xüsusi qeyd etmək lazımdır ki, pandemiyaya qarşı mübarizə əksər ölkələrin səhiyyə sahəsində imkanlarının qənaətbəxş olmadığını açıqladı. Azərbaycanda isə digər ölkələrdən fərqli olaraq bu sahədə də vəziyyət ürəkaçandır. Ölkəmizdə bununla bağlı mövcud statistikaya diqqət yetirsək görərik ki, son 17 ildə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Bunu şərtləndirən əsas amil cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən "Neft kapitalını insan kapitalına çevirək" tezisini irəli sürərək bu istiqamətdə reallaşdırdığı layihələr oldu. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi, baxmayaraq ki, o illərdə "qara qızıl"ımızın həcmi o qədər də böyük deyildi, amma bilirdik ki, Azərbaycanı böyük neft hasilatı dövrü gözləyir. Elə də oldu. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Neftdən əldən edilən gəlirlər insan kapitalına yönəldildi".

Baş redaktor bildirib ki, ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib təşəbbüslər irəli sürdü, eyni zamanda, iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi: "Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu dövrdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının Zirvə görüşləri COVID-19-a həsr edilib. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün o peyvəndin alınmasına çağırış olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir. Necə ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan üçün həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin şərin yanında olduğu bir daha təsdiqləndi".

V.Rəhimzadə diqqəti dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada görüləcək işlərlə bağlı fikirlərinə yönəldərək bildirmişdir ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayanması bu hədəfimizin də yaxın zamanlarda gerçəkləşəcəyinə əminlik yaradır: "Qarabağımız, onun tacı olan Şuşamız qısa zamanda cənnət məkana çevriləcək. Möhtərəm Prezidentimiz bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlar Azərbaycanın dünyaya təqdimatında bir daha öz sözünü deyəcək. Baxmayaraq ki, ermənilər illərdir Şuşanın onlara məxsus olduğunu iddia edirdilər. Tarixi, dini abidələri dağıtmaqla, yerlə-yeksan etməklə bu torpaqların əsl sahibini inkar etmək qeyri-mümkündür. Tariximizi özündə əks etdirən bu abidələrimizin bərpası üçün xarici mütəxəssislərin cəlb ediləcəyi bildirildi.

Təbii ki, qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!" söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır. O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında bu ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Artıq Qarabağın ürəyi olan Şuşada bu institut yaradılıb. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama diqqət çəkərək müvəqqəti idarəetmə strukturunun yaradılmasının səbəbini açıqlamışdır: "Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq." Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur".


Etiketlər:  Dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ