Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlər peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstərişlər var?

Kimlər peyvənd vurdura bilməz? Vaksinasiya üçün hansı əks göstərişlər var?

Tarix: 6 Fevral 2021 22:15

"Bəzi vətəndaşlar elə düşünürlər ki, vaksin olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Biz virus daşıyıcısı ola bilərik. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların formalaşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil".

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim bildirib ki, dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik.

Azərbaycanın Çin istehsalı olan "Sinovac" şirkətinin peyvəndinə üstünlük verdiyini xatırladan N. Mustafayevanın sözlərinə görə, ikitərəfli danışıqlar davam etdirilir, yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub: "Ümid edirəm ki, ilin sonunadək başqa vaksinlərdən faydalanmaq imkanımız olacaq".

Həkim-infeksionist bildirib ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılacaq: "Məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır.

Dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu, peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül və ciddi yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızarıqlıq, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir. Onsuz da peyvənd olunanlar 20-30 dəqiqə müddətində vaksin vurdurduqları məntəqədə gözləmə zalında nəzarətdə olacaqlar. Bu da çox nadir hallarda ölümlə nəticələnir. Yəni bu milyonda bir halda baş verə biləcək hadisədir. Belə hal daha çox əks-səda doğuracaq, nəinki peyvəndin müsbət tərəfləri. İstənilən dərman preparatına qarşı da insanda allergik reaksiya, anafilaktik şok baş verə bilər. Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni kimsə peyvənd olundu xəstələnmədi, faydasını gördü hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə onu yadda saxlayırlar. Bu da əhali arasında sürətlə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət COVID xəstəliyinə qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar, sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır".

Mütəxəssisin sözlərinə görə, peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur: "Xəstəliyi keçirib qanında İgG formalaşanlar da peyvənd vurdura bilərlər. Yetər ki, xəstəliyin aktiv dövründə olmasınlar. Xəstəlikdən yeni sağalmış şəxslərə belə peyvənd vurula bilər. Elmi olaraq bunun üçün heç bir əks-göstəriş yoxdur. Tədqiqatlar göstərir ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar. Peyvəndə tələbat daha çox olduğu və vaksin sayı az olduğu üçün həmin şəxsləri müəyyən müddət peyvəndləmə prosesindən uzaqda saxlamaq tövsiyə olunur. Əgər sistemdə son altı ay ərzində pozitiv nəticəsi qeydə alınan şəxs varsa, o, peyvənd üçün müraciət etdikdə sistemdə görünəcək. Həmin şəxslər bir müddət peyvəndə cəlb olunmayacaqlar. Digər qruplara, yəni əhalinin xəstəliyi keçirtməyən hissəsinə, keçirmiş olsa belə risk qrupuna daxil olan şəxslərə ilkin olaraq daha çox üstünlük veriləcək".

Mütəxəssis bildirib ki, 18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünki onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur: "Hazırda COVID xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.

Bir neçə ay öncə ölkəmizdə qrip peyvəndinin tətbiqinə başlanılıb. Hazırda bu proses də davam etdirilir. İnaktiv peyvəndlərdə peyvənddən iki həftə sonra növbəti vaksin vurula bilər. Qrip, meninqokok, pnevmokok, hepatit A, B əleyhinə vaksin vurulanlar iki həftədən sonra koronavirusa qarşı peyvənd oluna bilərlər. Canlı peyvənd - suçiçəyi, vərəm əleyhinə vaksin vurduranlar isə bir aydan sonra koronavirusa qarşı peyvənd oluna bilərlər".


Etiketlər:  Kimlər peyvənd vurdura bilməz Vaksinasiya üçün hansı əks göstərişlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ