Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”ın 2 ildə itirdiyi 300 milyon avro - bədxərclik, yoxsa səriştəsizlik?

“Real”ın 2 ildə itirdiyi 300 milyon avro - bədxərclik, yoxsa səriştəsizlik?

Tarix: 7 Fevral 2021 16:50

Geridə qoyduğumuz günlərdə Madrid "Real"ının "Levante"yə 2:1 hesabıyla məğlub olması çox müzakirə olundu. "Kral klubu"nun baş məşqçisi Zinədin Zidanın mümkün istefasından tutmuş, futbolçuların əksəriyyəti ilə yollar ayrılacaq deyə xəbərlər manşetlərdən düşmədi. Zidan qəti şəkildə klubdan getməyəcəyini açıqlasa da, oyunçuların 48 yaşlı mütəxəssislə razılaşmadığı bəllidir. Madrid nəhəngindən ayrılacağı gözlənilən futbolçulardan ən birincisi komandanın kapitanı və 16 illik üzvü Serxio Ramosdur. Kapitan da batmaqda olan gəmini tərk edirsə, digərlərinə deyəcək söz qalmır...

Futbolçularını komandada saxlamaqda çətinlik çəkən klub müflisləşmək üzrədir. Şübhəsiz, bir çox klublar pandemiyaya görə ziyana gediblər. Lakin "Kral klubu"nun dərdi başqadır: Məsələn, lazımsız transferlər.

Hər şeyin kökünü tapmaq üçün sadəcə 3 il əvvələ getmək kifayət edir: 2018-ci ilin yayı, futbolla maraqlanan və maraqlanmayan hər kəsin dilindən düşməyən o hadisə: Kriştiano Ronaldonun "Yuventus"a transfer olunması. Əslində "Kral klubu"u bu keçidə görə çox yaxşı gəlir əldə etdi. Belə ki, transfer 30 yaşdan yuxarı futbolçu üçün çox yüksək qiymətə - 117 milyon avroya  başa gəlmişdi. Bu, bir İtaliya klubu üçün heç də az məbləğ deyildi. Nəticədə, hər iki tərəf qazandı:

Portuqaliyalı ulduz yeni komandasında 2018/19 mövsümündə 31 oyuna 21 qol, 8 assist; 2019/20 mövsümündə 33 oyuna 31 qol və 5 ötürmə; cari mövsümdə isə 17 oyuna 16 qol və 3 assistlə fərqlənib. Yenicə 36 yaşına qədəm qoyan hücumçu İtaliya A Seriyasının bombardiridir.

"Real Madrid"in bu transferdən qazandığı yalnız pul oldu ki, onu da artıqlaması və gərəksiz futbolçulara xərclədi.

La Liqanın kökdən düşmüş nəhənginin həyata keçirdiyi bahalı və lazımsız transferlərdən "TOP-5"i təqdim edirik:

Jesus Reynier - 30 milyon avro

Bir il öncə "Real"ın "Flamenqo"dan 30 milyona transfer etdiyi bu futbolçu "Kral klubu"nda forma üzü görmədi. 30 milyonluq hücumameyilli yarımmüdafiəçi birbaşa Sequnda B təmsilçisi "Real Kastilya"ya göndərildi. Orda 3 oyuna 2 qol vuran braziliyalı keçən yay 2 illik icarə əsasında Dortmund "Borussiya"sına keçib. Bu mövsüm "arılar"la 5 oyun keçirən Reynierin yadda qaldığı məqam yoxdur.

Alvaro Odriosola - 30 milyon avro

Daha bir 30 milyonluq futbolçu - 2018-ci ildə "Real"a keçən 25 yaşlı müdafiəçi cəmi 22 oyuna çıxıb ki, 2 dəfə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 2020-ci ilin yanvarında mövsümün sonunadək "Bavariya"ya icarəyə verilən Odriosola cəmi 3 oyuna çıxaraq Münhen təmsilçisinin də diqqətini çəkə bilmədi. Hazırda yenidən "Real"a qayıdan ispaniyalı bu mövsüm 4 matçda iştirak edib.

Militao - 50 milyon avro

Klub 2019-cu ildə braziliyalı müdafiəçi üçün "Porto"ya nə az, nə çox, düz 50 milyon avro ödəniş etmişdi. İlk dönəm üçün pis təsir bağışlamayan (15 oyun)  Militao sonradan "Real"ın başına bəlaya çevrildi. Belə ki, 23 yaşlı futbolçu cari mövsüm 5 oyuna çıxıb və bunlardan birində birbaşa qırmızı ilə meydandan qovulub. Qeyd edək ki, "Levante"ylə görüşdə baş verən həmin hadisədən sonra azlıqda qalan komanda 1:2 hesabıyla uduzub.

Luka Yoviç - 63 milyon avro

"Real"ın 2019-cu ildə həyata keçirdiyi ən bahalı transferlərdən ikincisi - Luka Yoviç. "Ayntraxt"dan 63 milyon avroya transfer edilən futbolçu hücum xəttindəki boşluğu doldurmaq üçün gətirilmişdi. 2019-2020 mövsümündə 17 oyuna çıxan Yoviç 2 qolla yadda qalıb. Bu sezon cəmi 4 oyunda iştirak etdi və bir müddət öncə icarə əsasında keçmiş klubu "Ayntraxt"a qayıtdı. "Ayntraxt"ın isə üzü gülür: 63 milyona satdığı futbolçunu 1 milyona icarəyə alan, köhnə-yeni komandasında 4 oyuna 3 qol vuran futbolçuya sahib hansı klubun üzü gülməz ki?

Eden Hazard - 115 milyon avro

Hər "Real"lının ürəyinin yaralı yeri olan Eden Hazard. "Çelsi"də şou göstərən belçikalı hücumçu bir anda bütün futbol dünyasının diqqət mərkəzinə düşmüşdü. Ulduz futbolçuya gözü düşən "Kral klubu" Hazard üçün 115 milyon xərcləyərək Ronaldo gedəndən sonra əskik qalan hücum xəttini gücləndirməyə çalışdı. 2019-cu ilin 7 iyununda baş tutan transferdən iki ay sonra Hazard ilk dəfə xəsarət aldı. Bir ildən çox zədəli olan 30 yaşlı belçikalı "Real"ın ümumilikdə 50 oyununu qaçırıb. İlk mövsümündə 16 oyuna 1 qol vuran Eden, bu sezon 8 oyuna 2 qolla yadda qalıb. Bundan əlavə, qeyd edək ki, o, bir neçə gün öncə yenidən zədələnib. Baş məşqçi Zinədin Zidan Hazarda sağalması və özünə qayıtması üçün hər nə qədər vaxt verirsə versin, bu onu "Real" tarixinin ən bərbad transferi  olduğu gerçəyindən uzaqlaşdırmır.

Son olaraq, cari mövsüm istisna olmaqla geridə qoyduğumuz iki mövsümdə "Real"ın itirdikləri və qazandıqlarını aydınlaşdıraq.

2018/19 mövsümü:

Ümumi gəlir - 136 milyon avro   Xərc - 163 milyon avro

2019/20 mövsümü:

Ümumi gəlir - 156 milyon avro   Xərc - 355 milyon avro

Beləliklə, transferlərə fantastik məbləğ xərcləyən, təkcə 5 futbolçunun alışında 300 milyon itirən klubun indi büdcə sıxıntısı çəkməsi, daim yanında olan dəyərli kapitanı Ramosu komandada saxlaya bilməməsi, qış fasiləsində bir transfer belə etməməsi və ya digər oyunçuların da çıxış qapısına düzülməsi, ən əsası isə La Liqa və beynəlxalq turnirlərdə candərdi mübarizə aparması təəccüb doğurmur. Lazımsız transferlər və milyonların xərcləndiyi futbolçuların özünü doğrulda bilməməsinin sonu klubun dibə vurmasını sadəcə tezləşdirir. Offsideplus.az

Milli.Az


Etiketlər:  Realın 2 ildə itirdiyi 300 milyon avro bədxərclik yoxsa səriştəsizlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ