Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO)

UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO)

Tarix: 8 Fevral 2021 13:44

Bakı. Trend6

UNEC-də “Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədov konfransın məqsədi barədə məlumat verərək, mövzunun aktuallığından danışıb. O, İslam iqtisadiyyatının bu gün ölkəmiz üçün daha aktual olduğunu, Qarabağ regionunda kapitaltutumlu iri meqalayihələrin təminatı üçün alternativ maliyyə qaynaqlarına ehtiyac duyulduğunu qeyd edib. Qarabağda İslam iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin məhz qida sənayesi olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə mövzunun aktuallığına diqqət çəkərək, ölkə Prezidentinin Qarabağ regionunun gələcəkdə dinamik inkişaf edən məkana çevrilməsi ilə bağlı verdiyini tapşırıqlardan bəhs edib. Azad olunmuş torpaqlarda kənd təsərrüfatı və aqrar sektorun inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu bildirib.

İstanbul Sabahattin Zaim Universitetinin “Helal qida Ar-Ge ve Mükemmeliyet Merkezi”nin müdiri professor Hasan Yetim “Dünya ərzaq bazarında “Halal” qida sektoru: qlobal çağırışlar və problemlər” mövzusunda çıxış edərək, dünyada halal qida sektorunun getdikcə daha önəm qazanan sahə olduğunu qeyd edib. Hazırda dünyada 2 trl. dollara yaxın halal məhsullar bazarının mövcudluğunu, halal qida məhsullarının istehlakında islam ölkələrinin payının aşağı olduğunu bildirib. İstehlak payının artırılması istiqamıtində ölkələrimizin, xüsusilə də Qarabağ regionun böyük potensiala malik olduğunu vurğulayıb.

Kabardin-Balkar Dövlət Aqrar Universitetinin “Qida texnologiyası” kafedrasının müdiri professor Amina Djobaeva “İslam iqtisadiyyatında qida məhsullarının istehsalı və istehlakı məsələlərinə elmi baxış” mövzusunda çıxış edərək islam ölkələrində ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İstehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyinin və istehlakçılara sağlam ərzaq məhsullarının çatdırılmasının ən mühüm öhdəlik olduğunu vurğulayıb.

UNEC Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru Zabit Aslanov “Azərbaycanda halal sertifikatlaşdırma: real vəziyyət və perspektivlər” mövzusunda çıxış edərək koronavirusla mübarizə apardığımız bir dövrdə artıq insanların halal və təmiz qida axtarışında olduqlarını, bunun təkcə müsəlman ölkələrini deyil, bütün dünyanı narahat edən bir məsələ olduğunu qeyd edib. Qarabağ regionunun təmiz hava, münbit torpaq, saf su resurslarına malik olması ekoloji təmiz ərzaq məhsulları istehsalı sahəsində çox böyük imkanlar yaradacağını vurğulayıb.

“İqtisadiyyat” qəzetinin baş redaktoru Aytən Səmədzadə “Ərzaq təhlükəsizliyinin təmin edilməsində təbii inkişaf (mühit) amillərinin rolu” mövzusunda çıxış edərək bildirib ki, ölkəmizin ərzaq təhlükəsizliyi Qarabağ regionunda aqrar sənaye və kənd təsərrüfatı sektorlarının inkişafı sayəsində təmin oluna bilər. Qarabağ regionunun təbii şəraiti və çoğrafi iqliminin əlverişliliyi burada kənd təsərrüfatı məhsullarının istehsalına zəmin yaradacaqdır.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti, UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO) - Gallery Image UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO) - Gallery Image UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO) - Gallery Image UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO) - Gallery Image UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası (FOTO) - Gallery Image


Etiketlər:  UNEC konfrans Qarabağ iqtisadiyyatının dirçəlişində Halal qida industriyası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ