Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 10:24
Bakı. Trend:
“Nizami Gəncəvi ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər, Binəqədi və Nizami rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Hər qarışı Nizami Gəncəvidən söhbət açan Gəncə”adlı videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi və Nizami Gəncəvi yaradıcılığı haqqında ətraflı məlumat verdi. Millət vəkili bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə bizim deyil, bütün bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış özüünəməxsus dəsti-xətti olan nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq yaradıcılığı əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamaqdadır. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə, elmə çağıran və onlara yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti var və bu yaradıcılıq bütün dünyaya təbliğ edilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvinin 880 illik yubileyi, eləcə də bu ali məqsədlər üçün 2021-ci ilin məhz “Nizami Gəncəvi İli” elan olunması haqqında müvafiq sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələrək ölkəmizdə silsilə tədbirlərin keçiriləcəyini bildirən Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatı tərəfindən də müvafiq fəaliyyət planının hazırlandığını və dahi şairin yaradıcılığına həsr olunmuş bir sıra tədbirlərin keçirləcəyini vurğulayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə və ədəbiyyatımıza hər zaman dövlət diqqəti və qayğısı olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün də uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev ədəbiyyatımızın inkişafı, onun dünyaya təbliğ edilməsi və şair, yazıçılarımızın bədii irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində olduqca mühüm islahatlar həyata keçirilir. Bildiyimiz kimi ötən 2019-cu il də ölkəmizdə “Nəsimi İli” elan edilib, şairin yaradıcılığına həsr olunmuş silsilə və məqsədyönlü layihələr keçirilib. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması bu baxımdan çox əhəmiyyətlidir. Nizami Gəncəvi təkcə Azərbaycan üçün deyil, dünya üçün əvəzsiz yaradıcılıq mirası qoymuş şəxsiyyətdir. Bu cür şəxsiyyətlərimizi heç zaman unutmamalıyıq.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Nizami Gəncəvinin ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratdığını bildirib. Millət vəkili qeyd edib ki, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb və görülməkdədir. Şairin oxucunu həyata, insanlığa məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın və elmin qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissləri oyadır. “Nizami Gəncəvi İli” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacaqdır.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, gənc alim Elnur Həsənov, Təranə Vəliyeva, Azad Bayramov,Əlimuxtar Muxtarov və bağqaları çıxış edərək, Nizami Gəncəvinin qədim Gəncə şəhərindən başlayan həyat hekayəsi və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Sonda Binəqədi rayonu 314 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Leyla Sərkərova, Gəncə məktəbliləri Aytən Babaşova, Aysu Hüseynova Nizami Gəncəvi yaradıcılığından qəzəllər səsləndiriblər.