Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin hədəfi bəlli oldu - Məşhur türk ekspertdən ÖZƏL AÇIQLAMA - FOTO

Türkiyənin hədəfi bəlli oldu - Məşhur türk ekspertdən ÖZƏL AÇIQLAMA - FOTO

Tarix: 12 Fevral 2021 12:10

Türkiyə Silahlı Qüvvələrinin bir müddətdir, xüsusilə 15 iyuldan (2016) sonra İraqın şimalında keçirdiyi əməliyyatlar PKK-nı küncə sıxışdırmışdı. PKK bu əməliyyatlardan sonra ölkə daxilində və xaricində hərəkətsiz hala gəlmişdi. 

Bunu Milli.Az-a açıqlamasında türkiyəli məşhur hərbi ekspert Ceyhun Bozkurt deyib.  

O bildirib ki, Türkiyənin terrorizmlə mübarizəsi, sadəcə, İraq sərhədləri ilə yekunlaşmayacaq:

"İndi İraqın şimalındakı Qara bölgəsi önəmli bir bölgə. Həmin ərazi PKK-nın strateji ərazilərindən biridir. Türkiyənin hədəflərindən biri İraqın sərhəd xətti boyunca həmin əraziləri terrorçulardan təmizləmək, PKK-nı hərəkətsiz hala gətirməkdir. Qara bölgəsində də sərhəddin digər tərəfində önəmli bir hərbi baza var. 5 il qabaq aparılan Barrikada və Xəndək (Barikat və Hendek) əməliyyatları zamanı eyni zamanda sərhəd boyu əməliyyatlar da aparılırdı. O zaman Qara bölgəsində də ciddi hava əməliyyatları keçirilmişdi. O vaxtdan bilirik ki, həmin ərazidə böyük silah bazası var. Ona görə də Qara bölgəsi terror təşkilatının silahla təchizatı baxımından da önəmli bir ərazidir. İki gün öncə başlayan əməliyyatlar da hava hücumları ilə başladı. Eyni zamanda TSQ-nın xüsusi təyinatlıları terrorçulara qarşı əməliyyatlara cəlb ediliblər. Artıq terrorçulara böyük zərbə vurulduğu deyilir.

Türkiyə bu əməliyyatla, eyni zamanda, PKK-nın Suriyaya gedib çıxan yolunu da kəsmək istəyir. Bunun üçün də ən kritik nöqtə Sincar sayılır. Sincara gedən yol istiqamətində Kara, Kandilə kimi Zap, Avaşin, Basyan Hakurk terrorçu düşərgələri var.

Öncə bu bölgələrin təmizlənməsi lazımdır. Ondan sonra hədəf Sincar olacaq. Onsuz da, Sicarla bağlı bir müddətdir sıx diplomatik danışıqlar da davam edir. Milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər keçən ay İraqa önəmli bir səfər etdilər. O səfər olduqca önəmli bir səfər idi. İraqla, İraqın şimalındakı yerli idarəetmə nümayəndələri ilə görüşlər keçirildi cə PKK-ya qarşı ortaq bir qərar verilməsi üçün razılıq əldə olundu. Bu səbəbdən də PKK terror təşkilatı uzun müddətdir yerli idarəetməyə qarşı Türkiyə ilə işbirliyinə başladığı üçün sərt mövqe alıb. PKK indi dalana dirənmiş vəziyyətdədir. Bu cür əməliyyatlar uzun müddət davam edir. PKK terror təşkilatının Suriya xəttini kəsənə qədər əməliyyatlar dayanmayacaq. Suriya xətti kəsiləndə də PYD (PKK-nın Suriya qolu) əməlli-başlı küncə sıxılmış olacaq. O zaman artıq terror təşkilatının Suriyada da çətin günləri başlayacaq.

Türkiyənin terrorizmlə mübarizəsi, sadəcə, İraq sərhədləri ilə yekunlaşmayacaq, cənub istiqamətində belə əməliyyatlar davam edəcək. TSQ PYD terror təşkilatına qarşı da mübarizə aparacaq. Bu səbəbdən də bu əməliyyatların hamısı, əslində, bir-biri ilə bağlıdır".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Türkiyənin hədəfi bəlli oldu Məşhur türk ekspertdən ÖZƏL AÇIQLAMA FOTO


RƏYLƏR