Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 01:30
Bakı. Trend:
Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Trend-in məlumatına görə, bu material Məmmədov İkram Ehtiram oğluna həsr edilib...
- Salam, mənim balaca dostum.
- Salam, necəsiniz?
- Səni görməyə çox şadam, İkram.
- Mən də sizi.
- Gəl səninlə söhbət edək.
- Müharibədən?
- Yox, lazım deyil. Başqa şeylərdən.
- Mənim o qədər də biliyim yoxdur (gülür).
- İnsanın böyük və təmiz ürəyi olanda başqa şeylər o qədər də lazım deyil.
- Ola bilər (gülümsəyir). Siz hamı ilə belə danışırsınız?
- Bəli, çalışıram. Niyə soruşdun ki?
- Heç, maraqlıdır. Buralarda uşaqlar çoxdur, yəqin onlar da istəyər sizinlə danışsın.
- Təki istəsinlər. Ay, İkram, deyəsən sən məni sorğu - suala tutmusan, mən səni yox.
- Hə, mənə nə isə tanış olmayanda belə edirəm (gülür).
- Yaxşı, gəl səndən danışaq. Bax, mən bilirəm ki, sən həyətdə qırqovul saxlayırdın. Niyə məhz o quşları?
- Gözəl quşlardır, nə bilim bir neçəsin saxlamışdım, onları yedizdirirdim, yaxşı baxırdım onlara (gülür).
- Evdə adətən nə ilə məşğul idin?
- Mən özümə velosiped düzəltmişdim, hətta atama dedim ki, heç kimə vermə, evə gayıdanda sürəcəyəm... Amma qismət olmadı...
- İkram, evə nə zaman axırıncı dəfə zəng etdin?
- Oktyabrın 12-də. Sağollaşmağa.
- Niyə? Ürəyinə danmışdı?
- Hə... Nə isə hiss elədim ki həmişəki kimi olmayacaq. Müharibə pis şeydir...
- Bilirəm... Axı sən könüllü getdim, ay İkram!
- Hə, bəs neynəyim? Mən də getməsəm, kim gedər.
- Sən mənim balaca qəhraman dostumsan...
- Çox sağ olun.
- İkram, olar soruşum, sənin arzun nə idi?
- Mən istəyirdim ki, hüqüq mühafizə orqanlarında polis vəzifəsində çalışım.
- Nə maraqlı! Deməli, polis. Məncə səndən gözəl polis işçisi olardı.
- Məncə də. Amma mən qaldım Füzülidə... Neytral zonaya düşdük, oradan da çıxa bilmədik... Bilmirsiniz, məni tapdılar?
- Bəli, əzizim, əlbəttə! Qələbə bizimdir, torpağlarımızı sənin kimi mərd, heçnədən qorxmayan igidlər gaytardı.
- Onu bilirəm, buralarda da söhbətlər gedir (gülür).
- İnstagram səhifənə baxırdım, qəşənq mahnılar, videoların var. Deyəsən ritmli mahnılardan xoşun gəlir?
- Hə, çox. Ürəyimə yatır belə musiqi.
- Bir video gözümə sataşdı, orada olan sözlər.
- Hansı?
- “Gedirəm insanlar olmayan yerə”... O nə yerdi, İkram?
- Yəqin o müharibə idi... Çünki oktyabrın 13-də mən artıq Füzüliyə govuşmuşdum, amma düşmənləri ətrafımda hiss edə bilirdim. Mən sanki onları yuxardan izləyirdim. O zaman o yer insanlarla dolu deyildi...
- Bəs indi?
- İndi mələklərlə doludur (gülümsəyir).
- İkram, deyiləsi sözün var?
- Əslində, mən çox darıxıram ailəm üçün. Bir də yarımçıq qalan arzularım üçün...
- İkram, mən də sənin üçün darıxacağam..