Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 11:52
Bakı. Trend:
Pandemiyaya baxmayaraq, SOCAR-ın STAR NEZ-i ötən il 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olub.
SOCAR-dan Trend-ə verilən məlumata görə, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi - STAR Neft Emalı Zavodu 2020-ci ildə qlobal pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq rekord rəqəmlərə imza atıb. Emal gücü 10 milyon ton həcmində müəyyənləşdirilən STAR NEZ istehsal planını artıraraq bu həcmi 10,5 milyon tona çatdırıb. 2020-ci ildə təxminən 10,3 milyon tonluq satış həyata keçirən zavod bu həcmin təxminən 70%-ni daxili bazara yönəldərək, Türkiyə iqtisadiyyatına proqnozlaşdırılan töhfəni vermiş olub.
“SOCAR Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov STAR NEZ-in yüksək göstəricilərini şərh edərkən deyib: “Petkimin xammalı olan naftanın tədarükü ilə yanaşı daxili bazarda həyata keçirdiyimiz satışlarla Türkiyənin cari kəsirinin azalmasına mühüm töhfə verdik. STAR NEZ-də sahip olduğumuz qabaqcıl texnologiya, Petkimlə inteqrasiya, əlverişli rəqəmsal transformasiya modelimiz, səmərəli istehsal planı və optimallaşdırma prosesləri bu uğuru qazanmağımız üçün şərait yaratdı. Pandemiya səbəbindən təyyarə yanacağına tələbatın azalmasını nəzərə alaraq, potensialımızı sürətlə dizel yanacağına yönəldib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə, 2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini 10,5 milyon tona qaldırdıq. Bizə qürur verən bu yüksək göstəricilərə görə hər biri öz sahəsində məsuliyyətlə çalışan bütün həmkarlarıma təşəkkür edirəm.”
2020-ci ildə neft qiymətlərində azalmanın təsiri ilə emal gəlirlərinin də aşağı düşdüyünü sözlərinə əlavə edən A.Məmmədov bildirib: “6,3 milyard dollarlıq dəyəri ilə Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsi olan STAR NEZ bu çətin ildə 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olmuşdur. Bundan əlavə zavodumuzun anbar tutumunu və əməliyyat elastikliyini artıracaq investisiyalarımızı da davam etdiririk. Bu çərçivədə, təxminən 45 milyon dollarlıq sərmayə büdcəsinə malik olan “NEZ-in elastikliyinin, iş qabiliyyətinin və gəlirliliyinin yaxşılaşdırılması” layihəsini (IFOP) bu il başa çatdıracağıq. IFOP layihəsi ilə birlikdə ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edən və böyük hissəsi əlavə anbar tutumu ilə əlaqədar olan yeni investisiyalarımızı da 2022-ci ildə tamamlamağı planlaşdırırıq.”
Fəaliyyətə başladıqdan 1 il sonra, 2019-cu ildə İstanbul Sənaye Palatasının “Türkiyənən 500 böyük sənaye qurumu” siyahısında 5-ci yeri tutan STAR NEZ inkişaf etmiş konfiqurasiyası sayəsində 100 növdən artıq nefti emal etmək qabiliyyətinə malikdir. Türkiyədə xam neft emal edən iki müəssisədən biri olan STAR NEZ bu baxımdan da ölkə iqtisadiyyatına mühüm töhfə verir.