Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 07:03
Küçələrdə satılan hər hansısa bir qidanı alaraq, vaxtı bitmiş konserv yeyərək, gəzintiyə gedərkən və ya sadəcə unudaraq əlləri, meyvə-tərəvəzi yumadıqda bağırsaq infeksiyası tutma riskiylə qarşılaşa bilərik. Ən yaxşı halda bu vanna otağında saatlarla qalma ehtimalını, pis halda isə infeksion xəstəxanası və ya ölümlə nəticələnmə halını verə bilər.
Bağırsaq infeksiyaları - əsasən ilk növbədə həzm traktını zədələyən zərərli bir xəstəlik "qrupudur". İnfeksiya adətən ilk növbədə zəhərlənmiş su və qidalardan ağız vasitəsilə keçir. Bu xəstəliyin 30-a yaxın növü vardır. Onlardan ən zərərsizi - qidadan zəhərlənmə, ən təhlükəlisi isə - vəba, qarın yatalağı, botulizm və s.
SƏBƏBLƏRİ
Bağırsaq infeksiyalarının törədiciləri: bakteriyalar (salmonella, qarın yatalağı, vəba), onların toksinlerin (botulizm) və viruslar (enterovirüs, rotavirüs) və s. Xəstə və infeksiya mikroblarının daşıyıcılarından ifraz və qusma halları ilə yayıla bilər. Praktik olaraq bu infeksiyalar son dərəcə çox yaşayan infeksiyalardır. Beləki, onlar torpaq, su və hətta müxtəlif əşyalar üzərində uzun zaman mövcud ola bilirlər (məsələn qaşıq, boşqab, qapı tutacaqları, mebel üzərində). Bağırsaq bakteriyaları soyuqdan qorxmur, lakin isti və rütubətli yerlərdə yaşamağa üstünlük verirlər. Xüsusilə onlar daha tez süd məhsullarında, ət qiyməsində, jele, kisel və eləcə də suda (əsasən yay mövsümündə) çoxalırlar.
Sağlam insanın orqanizminə bu infeksiyalar ağız vasitəsilə yemək yaxud sudan, eləcə də çirkli əllərdən keçir.
Mikroblar öncə ağızdan mədəyə sonra isə bağırsağa düşərək çoxalırlar. Orqanizmə düşdükdən sonra mikrobların inkubasiya dövrü başlanır, bu da 6-48 saat ərzində baş verir.
Mikroblardan əlavə onların toksinləridə xəstəliyə səbəb olur. Bağırsaq infeksiyaları kəskin qastrit (qusma və mədə ağrısı), (ishal ilə) enterit, qastroenterit (qusma və ishal), enterokolit şəklində baş verə bilər. Bağırsaq infeksiyaları zamanı ən xoşagəlməz nəticələrdən biri - qusma və ishal zamanı orqanizmin susuzlaşmasıdır. Bu xəstəliklər əsasən uşaqlar və yaşlılar üçün ağır ola bilir. Orqanizmdə qəfil susuzlaşmaya səbəb böyrək çatışmazlığı və digər ağır fəsadlar ola bilər.
NECƏ AŞKAR ETMƏK OLAR?
Bağırsaq infeksiyaları, bütün digər yoluxucu xəstəliklər kimi həmişə gözlənilmədən baş verir. Öncə insanı zəiflik, halsızlıq, baş ağrıları, iştahsızlıq, yüksək temperatur (qripdə olduğu kimi) narahat edir. Bir müddət sonra ürək bulanma, qusma daha sonra isə ishal baş verir. Susuzluq və titrəmə də narahat edə bilər.
Bu qrupda infeksiyalar aşağıdakı simptomları ilə xarakterizə olunur (tək və ya bir-biri ilə birləşərək):
- yüksək temperatur;
- ürək bulanma, qusma;
- qarında sancılar;
- ishal;
- bağırsaqlardan həddindən artıq köp.
Bəzən bağırsaq infeksiyaları heç bir görünən əlamətlər göstərmir, lakin xəstəlik törədən mikroblarla müşayiət olunurlar. İnfeksiyanın yayılması üçün bu daha təhlükəlidir. Heç bir şeydən xəbəri olmayan insan ətrafı yoluxduran daimi mikrob daşıyıcısına çevrilir.
Hər bir halda mütəxəssisə müraciət etmək mütləqdir.
PROFİLAKTİKASI:
Kəskin bağırsaq infeksiyalarına yoluxmamaq üçün bir neçə sadə qaydalara riayət etmək kifayətdir: su və ya südü qaynadılmış halda içmək, meyvə-tərəvəzi isti suyla (lazım gələrsə sabunla) yumaq, qidaların istifadə tarixinə diqqət etmək, yeməkdən öncə əlləri yumaq, dırnaqları yeməkdən vaz keçmək.