Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 16:40
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib.
Sonxeber.net bildirir ki, o, 26 fevral 1992-ci ildə Dağlıq Qarabağın Xocalı şəhərində erməni qüvvələrinin arasında yaşlı, qadın, uşaq və körpələrin də olduğu günahsız insanları qətlə yetirdiyini xatırladıb.
Əmrəyev açıqlamasında Azərbaycanın qazandığı qələbə nəticəsində ədalətin bərqərar olduğunu bildirib.
"Bütün dünyanın şahid olduğu kimi, ədalət öz yerini tapdı və qardaş Azərbaycanın Qarabağdakı işğal olunmuş əraziləri uğrunda qanuni mübarizəsi qələbə ilə nəticələndi. Bu qələbə bütün Türk dünyası üçün qürur və xoşbəxtlik mənbəyi oldu.
Xocalının ağrılı xatirəsi şübhəsiz ki, azərbaycanlı qardaşlarımızın qəlbində yaşayır. Bu münasibətlə Türk Şurası olaraq Xocalı soyqırımı qurbanlarını hörmətlə anır, Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk. Türk dünyası olaraq Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edirik", - deyə B.Əmrəyev qeyd edib.