Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 13:30
"Hesab edirəm ki, müxalifət Paşinyanın istefasına nail ola bilməyəcək. Bunu dünən baş verən hadisələr də bir daha göstərdi. Aydın oldu ki, Ermənistan baş nazirinin ölkədə hələ ki sosial dayağı var. Bu sosial dayaq əsasən anti-Rusiya meylli qüvvələrdir. Paşinyan bu qüvvədən mahir istifadə edir, xüsusən də Kremlə qarşı..."
Bunu Sonxeber.net-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov deyib.
Ekspert bildirib ki, Baş Qərargah rəisi Onik Qasparyanın Paşinyanı istefaya çağırması Kremlin Paşinyanın "İsgəndər" raketləri ilə bağlı açıqlamasına cavab idi:
"Paşinyanın fevralın 23-də, Rusiyada Silahlı Qüvvələr günündə "İsgəndər" raketlərlərinin yararsızlığı ilə bağlı açıqlaması heç də təsadüfi deyildi. Bu addım Rusiyanın uzun illərdir Qərbə "güc mesajı" funksiyası daşıyan silahının, ümumilikdə hərbi sənaye kompleksinin imicinə zərbə vurmaq məqsədi daşıyırdı. Qərbə "güc mesajı" deyəndə Rusiyanın Kalininqradda NATO ölkələrinə qarşı yerləşdirilən "İsgəndər" raket komplekslərini nəzərdə tuturam. Paşinyanın "İsgəndər" raketləri ilə bağlı məlum açıqlamasının dünyanın ən böyük hərbi sənaye sərgisi hesab olunan "Abu-Dabi İDEX" sərgisinin fonunda verilməsi də bu baxımdan çox maraqlıdır.
Kremlin buna cavabı bildiyiniz kimi özünü çox gözlətmədi. Rusiyada hərbi təhsil alan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın Paşinyanı istefaya çağırması Kremlin Paşinyanın "İsgəndər" raketləri ilə bağlı açıqlamasına cavab idi. Lakin Paşinyan da tərəfdarlarını meydanlara toplamaqla bunun cavabını vermiş oldu. Qeyd edim ki, Qasparyan ikinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Rusiyadakı erməni diasporu tərəfindən Ermənistanda ən çox tənqid olunan hədəflərdən biri idi. Rusiyadakı erməni diasporu onunla təşəbbüsü ələ alıb Paşinyanı devirməyə çağırırdı. Lakin Qasparyan yaxın günlərə kimi Paşinyan barədə heç bir mənfi fikir səsləndirmirdi. Çox güman ki, bu onun sırf Kremllə bağlı olması ilə əlaqədar idi. Çünki Kreml "İsgəndər" raketləri ilə bağlı bəyanata qədər Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı qəti qərara malik deyildi. Lakin Paşinyanın Rusiya silah sənayesinin nüfuzuna xələl gətirən açıqlaması Kremldə Paşinyanla bağlı radikal addımın atılmasına gətirib çıxardı. İlk cəhdin fevralın 25-də şahidi olduq. Lakin Paşinyan bu cəhdin qarşısını qismən ala bildi".
F.Əkbərov deyib ki, Paşinyan Vladimir Putinlə telefon danışığı zamanı Qasparyanın vəzifədən getməsini istəyib:
"Məncə, Paşinyanın məqsədlərindən biri məğlub ordunu yenidən dizayn etməkdir. Ona görə də, köhnə rejimin, daha doğrusu Rusiyapərəst rejimin adamı olan Qasparyanı ordu rəhbərliyindən uzaqlaşdırmaq istəyir. Lakin buna onun nə qədər tez nail olacağı sual altındadır. İndi hər şey Ermənistan prezidentinin qərarından asılıdır. O, 3 gün ərzində Qasparyanın istefaya göndərilməsini qəbul etməli, ya da bu qərarı Konstitusiya məhkəməsinə göndərməlidir. O zaman Paşinyanın Qasparyan, dolayısı ilə Moskva üzərində qismən qələbə qazandığını güman etmək olar.
Düşünürəm ki, Kreml Qasparyanın vəzifəsində qalmasında israr edir. Ehtimal ki, fevralın 25-də Paşinyan Vladimir Putinlə telefon danışığı zamanı Qasparyanın vəzifədən getməsini istəyib, yerinə digər bir namizədin, Moskvanın razılaşdığı namizədin təyin olunmasını tələb edib. Lakin Kremlin buna necə yanaşıdığını qarşıdakı 1 həftə ərzində görəcəyik.
Ümumiyyətlə qeyd edim ki, Paşinyanın "İsgəndər" raketlərinin yararsızlığı barədə açıqlaması və daha sonra Ermənistanda hərbi çevriliş cəhdi Kremldə Ermənistan məsələsini yenidən gündəmə gətirib. Putinin rəhbərliyi ilə fevralın 26-da Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında Qarabağ nizamlanması ətrafındakı vəziyyətin müzakirə olunmasına da bu kontekstdən yanaşmaq olar. Bir aydan çox idi ki, Təhlükəszilik Şurasının müşavirəsində Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunmurdu. Lakin dünən Kreml ölkə prezidentinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsinin keçirildiyini və müşavirədə təkcə Dağlıq Qarabağdakı vəziyyətin müzakirə olunduğunu açıqladı. Bu, diqqət yetiriləsi bir məqamdır".
Təhməz Əsədov