Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu sahəni seçmişəmsə, çətinliklərinə də dözməliyəm'' - mühafizəçi qadın - REPORTAJ - FOTO

''Bu sahəni seçmişəmsə, çətinliklərinə də dözməliyəm'' - mühafizəçi qadın -  REPORTAJ - FOTO

Tarix: 8 Mart 2021 19:10

Peşələr müxtəlif olduğu kimi, insanların da bu peşələrə münasibətləri müxtəlifdir. Bəzən "kişi peşəsi, qadın peşəsi" deyə fikirlərə rast gəlirik. Lakin hər kəsin bərabər olduğu cəmiyyətimizdə kişi və ya qadın peşəsi deyilən fikirləri alt-üst edən insanlar da az deyil.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, üç oğul anası olan Elnarə Əlizadə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyib. Daha sonra elə bu xəstəxanada mühafizəçi işləmək qərarına gəlib. Ona dəfələrlə bu işin kişi peşəsi olduğunu, bacarmayacağını deyiblər. Amma o, bu fikirlə razılaşmayıb və işini sevir. Baxmayaraq ki, bu sahədə cəmi iki aydır işləyir, qısa müddətdə məsuliyyəti və vəzifəsinin öhdəsindən layiqincə gəlməsi ilə seçilib.

Elnarə ilk günlərdə çətinlik çəksə də, sonradan işlərinin qaydasına düşdüyünü deyir: "Xəstəxanaya gələnlərin hərarətlərini ölçür və onları həkimə yönəldirəm. Əsasən də tibbi maskadan istifadəyə diqqət yetirirəm. Bəzən mübahisə də yaranır. Amma çalışıram ki, insanlar məmnun qalsınlar. Bu sahəni seçmişəmsə, çətinliklərinə də dözməliyəm".

Onun sözlərinə görə, bəzən emosional insanlarla da qarşılaşır. Hər dəfə də onları sakitləşdirərək, qısa vaxtda işləri qaydasına sala bilib.

Xəstəxanaya gələn insanlar arasında onu mühafizəçi formasında görüb təəccüblənənlər də çox olur. "Elə olur ki, qadınlar da yaxınlaşıb formanın çox yaraşdığını deyirlər. Hətta kişilərdən də fikirlərini bildirənlər olub. Məsələn, elə bu yaxınlarda bir kişi dedi ki, "mən də mühafizədəyəm, amma bu iş sizə daha çox yaraşır", - deyə o əlavə edib.

Həftədə altı gün işdə olduğunu deyən Elnarə işə getməzdən öncə səhərlər övladlarını məktəbə hazırlaşdırır, dərsləri ilə maraqlanır. Sonra formasını geyinib işə tələsir. Hamıdan qabaq öz işinin başında olur, hər kəsdən də sonra çıxır. Onu tanıyan, onunla birgə işləyən iş yoldaşları da Elnarənin işinə məsuliyyətlə yanaşdığını deyirlər. "Elnarə xanım işinin öhdəsindən çox gözəl gəlir. Vətəndaşlarla yaxşı rəftar edir. Xəstəxanada çalışanlar da onun işini bəyənirlər", - deyə xəstəxanada nəzarətçi vəzifəsində çalışan Tükəzban Alməmmədova bildirir.

Xəstəxanada vətəndaşların xidmətində durmaq nə qədər çətin olsa da, o, zərif cinsin nümayəndəsi kimi mühafizəçi işinin öhdəsindən gələ bilir. Bir sözlə, xanımlar "kişi işidir" deyilən peşələrdə, heç də kişilərdən geri qalmırlar. Elnarə Əlizadə isə onlardan yalnız biridir.


Etiketlər:  sahəni seçmişəmsə çətinliklərinə dözməliyəm mühafizəçi qadın REPORTAJ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ