Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 11:54
Ermənistanda ictimai-siyasi vəziyyət hər gün müxtəlif məcraya yönəlir və əsasən hazırkı baş nazir Nikol Paşinyanın istefasını tələb edən kütlələrin nümayişləri ilə xarakterizə edilir.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, son proseslər göstərdi ki, Paşinyan ona qarşı olan böyük müqaviməti yara bildi:
"Paşinyana qarşı "Vətənin Qurtuluşu Hərəkatı"nın mitinqlərini müşahidə edirik. Eyni zamanda bir müddət öncə Ermənistanda bu vəziyyəti hərbi-siyasi böhran kimi də qələmə vermək olardı. Çünki Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı yaranmış vəziyyət, daha sonra nümayişçilərin İrəvanın mərkəzi küçələrinə çıxması vəziyyəti bir qədər də qəlizləşdirmişdi. Lakin Nikol Paşinyanın martın 2-də təşkil etdiyi mitinqdə onun tərəfdarlarının kifayət qədər olması onun hələ uzun müddət hakimiyyətdə qalacağı proqnozunu ön plana çıxardı.
Bu proseslərin əsas kuliminasiyası Nikol Paşinyanın Ermənistan prezidenti Armen Sarkisyan, eləcə də bəzi müxalifət liderləri ilə görüşdən sonra Onik Qasparyanın vəzifədən getməsi ilə bağlı müəyyən qərar qəbul edildi. Lakin Paşinyanın istefasını tələb edən kütlələr Armen Sarkisyanın Ermənistanın Konstitutsiya Məhkəməsinə müraciət ediləcəyi təqdirdə Baş Qərargah rəisinin vəzifədə qalacağı ilə bağlı gümanlar çox idi.
Lakin vəd olunan müddət dünən bitdi, Armen Sarkisyan Konstitutsiya Məhkəməsinə müraciət etmədi. Beləcə, Onik Qasparyan Nikol Paşinyanın tələbi ilə Baş Qərargah rəisi vəzifəsindən getməli oldu. Bu vəziyyətdə artıq müxalifət liderlərinin həm də prezident Armen Sarkisyanı günahlandıracağı gözlənilir. Çünki böyük ümidlər var idi ki, Armen Sarkisyan Konstitutsiya Məhkəməsinə müraciət edəcək və Onik Qasparyan vəzifədə qalacaq və yaxud onu bir müddət Konstitutsiya Məhkəməsinin araşdırmaları müddətində vəzifədə saxlamaq mümkün olacaq. Bu isə Baş Qərargahın proseslərə cəlb olunması və ya Onik Qasparyan fiquru ilə manipulyasiya imkanı yaradırdı. Bu imkan da artıq Nikol Paşinyanın istefanı tələb edənlərdən alındı.
Onik Qasparyanın vəzifəsindən getməsindən sonra gözlənilir ki, Baş Qərargahda müəyyən təmizləmələr həyata keçiriləcək. Eyni zamanda, onun məsuliyyətə cəlb olunması ilə bağlı da proses başlanıla bilər. Bununla yanaşı, müxalifətin də artıq tənqid hədəfi həm də Ermənistan prezidenti Armen Sarkisyan olacaq. Belə olacağı təqdirdə Paşinyan, təbii ki, bir qədər də öz hakimiyyətini gücləndirəcək və nəticədə öz elektoratı ilə daha da sıx şəkildə birləşə bilər. Buna baxmayaraq Ermənistanda Paşinyanın istefasını tələb edən şəxslər var. Bunu biz sosial şəbəkələr seqmentində də müşahidə edirik, amma son proseslər onu göstərdi ki, ona qarşı olan böyük müqaviməti yara bildi və öz istədiyinə nail oldu".
Təhməz Əsədov