Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 23:54
Gizir Sadiq Azayev Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 1992-ci ildə Qubanın Qonaqkənd qəsəbəsində doğulan Sadiq evin sonbeşiyi, həm də üç bacının tək qardaşı idi.
Sadiq əsgərliyini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlayıb. Gənc gizir qısa müddətdə hərbçi yoldaşlarının rəğbətini qazanmağı bacarmışdı.
"Sadiq çox mehriban, qayğıkeş oğul idi. Əsgərlikdən gələndən sonra hərbi sahədə işləmək istədiyini bildirdi. Orduya yazıldı və bu sahədə çalışmağa başladı. Müharibə başlayanda da döyüşlərdə fəal iştirak edib. Füzuli uğrunda gedən şiddətli döyüşdə şəhid olub. Vətən uğrunda canından keçib. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı arzulayıram. Torpaqlarımızı düşmən tapdağından qurtardılar", - deyə şəhidin anası Qızılgül Azayeva bildirib.
Sadiq Azayev döyüşə yollanarkən çəkdiyi videoda "Allah bizə güc versin, döyüş əzmi versin, tezliklə düşmənləri bu torpaqlardan qovaq" deyirdi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Sadiq Füzulidə şəhid olub. Döyüş yoldaşlarının düşmənin qəfil hücumuna məruz qaldığını eşidən kimi köməyə tələsir. Ermənilərin səngərinə girib minaatanlarını susdurur. Bu anda düşmən snayperi Sadiqi yaxın məsafədən nişan alır.
"Allah şəhidlərimizə rəhmət eləsin. Onlar tarix yazdılar. Mən özüm də Birinci Qarabağ müharibəsində döyüşmüşəm. O, vaxtı bizim arxamızda duranımız, silahlarımız yox idi. İndi isə bizim ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı tarix yazmağı bacardı. Şuşanın düşməndən azad olunmasında bizim döyüşçülərimiz misilsiz şücaət göstərdilər. Mənim bacım oğlu Sadiq də qəhrəmanlıqla döyüşüb. Çox yaxın məsafədə döyüş zamanı düşmən onu vurmağı bacarıb. Sadiq gizir idi. Rəhbərlik etdiyi qrupla düşmənə qan uddurub", - deyə şəhidin dayısı Hikmət Manafov söyləyib.
"Qardaşım haqqında deyiləsi çox xoş sözlər var. Sadiq doğulanda bizim evimizdə bayram olmuşdu. Üç bacının tək qardaşı idi. Həyat dolu, mehriban bir gənc kimi yaddaşlarda qalacaq. Sonucu dəfə müharibədən əvvəl təlimlər keçilən vaxt evə gəlmişdi. Həmin görüşü unutmayacağam. Torpaqda o qədər sürünmüşdülər ki, hərbi geyimi, öz dərisi belə torpaq rəngində idi. Mən qardaşımla fəxr edirəm. Sadiq bu yolu özü könüllü seçmişdi. Mənə deyirdi ki, bacı müharibə olmasa, ərizəmi yazıb hərbidən çıxacağam. Anamızı düşün deyəndə Sadiq hər şey yaxşı olacaq söylədi", - deyə şəhidin bacısı Rəşadət Eyyubova bildirib.
Sadiqin kiçik bacısı Mələk Yunusova qardaş itkisinin çox ağır olsa da, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasının onlara təsəlli verdiyini söyləyib.
"Mənimlə Sadiq arasında yaş fərqi az olduğuna görə biz bacı-qardaş əlavə, həm də dost olmuşuq. Atamız rəhmətə gedəndən sonra onu əvəz edib. Çox mehriban, gülərüz qardaş idi. Ona deyəndə ki, Sadiq döyüşlərdə ehtiyatlı ol, söyləyirdi ki, sən qəhrəman bacısı olacaqsan. Qardaşımla qürur duyuram", - deyə Mələk Yunusova söyləyib.
Şəhid Sadiq Azayev oktyabrın 3-də doğulub boya-başa çatdığı Qubanın Qonaqkənd qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. O, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.