Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 17:20
Bakının ən böyük kəndlərindən biri olan Maştağada su problemi getdikcə daha da aktuallaşır. Yox, Maştağa sakinləri su qıtlığından əziyyət çəkmir. Əksinə, həyətləri və mənzillərin zirzəmilərini bilinməyən səbəblərdən su basır.
Maştağanın vağzal deyilən ərazisində yaşayan sakinlərinin Sonxeber.net-a verdiyi məlumata görə, əgər mühərriklə həyətə yığılan suyu çəkməsələr ev ya suyun içində qalacaq, ya da divarlar bir gün başlarına uçacaq, altında qalacaqlar.
Kəndin B.Dadaşov, Axund Mirzə Əbdül Kərim, B.Bağırov, Neftçilər, Yahya Musayev, Savalan M. Şafayi, N.Nərimanov, Nizami, H.Aslanov küçələrində yaşayan sakinlərin sözlərinə görə günün 24 saatı həyətlərinə yığılan suyu çəkmək üçün mühərrik işləməsə evlərini su basar. Onları ən çox qorxudan isə zirzəmilərinə, həyətlərinə dolan suyun evlərinin bünövrəsinin uçmaq təhlükəsi ilə üz-üzə qoymasıdır. Evlərinin döşəmələrini və divarlarını hər il yenidən təmir etmək məcburiyyətində qaldıqlarını deyən sakinlər bu problemin sağlamlıqlarına da ciddi zərər vurduğunu bildirirlər.
Antisanitariyanın da baş alıb getdiyini deyən sakinlər belə bir probelmlə ilk dəfə 1990-cı illərdə qarşılaşdıqlarını, lakin onda vəziyyətin bu qədər acınacaqlı olmadığını qeyd edirlər. İlk dəfələr bunu yağış suyu, qrunt suları olduğunu düşündüklərini deyən sakinlər, illər keçdikcə həyətlərinin, zirzəmilərinin su ilə daha çox dolmağa başladığını görüncə vəziyyətin nə qədər ciddi olduğunu anlamağa başlayıblar. Həyətlərinə dolan suyu çəkmək üçün mühərrikin 2-3 dəqiqə işləməməsi ilə yaşayışın dözülməz həddə çatdığını bildirən sakinlər iddia edirlər ki, evlərini qəzalı vəziyyətə salan, yaşayışı dözülməz edən bu su vaxtilə Maştağada inşa edilən su anbarından sızır. Sakinlər təxminən 30 il əvvəl həmin su anbarında qəzalı vəziyyət yarandığını və həmin ərəfələrdə də həyətlərini və zirzəmilərini su basdığını bildirirlər. Həmin vaxt anbarda aparılan təmir-bərpa işləri sonrası problemin qismən aradan qalxdığını deyən sakinlər, bu dəfə vəziyyətin daha acınacaqlı olduğunu deyirlər. Anbarda çatların böyüdüyü barədə iddiaları artıran səbəb həyətlərə dolan suyun məhz şirin su olmasıdır. Belə nəticə çıxır ki, su anbarında həqiqətən də qəza vəziyyəti artmaqdadır və kənd təhlükə ilə üz-üzədir.
Eyni problemdən əziyyət çəkən Maştağanın yarısınından çoxu, bundan kənd bələdiyyəsinin də xəbərdar olduğunu deyiblər.
Məsələni araşdırmaq məqsədi ilə Sonxeber.net Maştağa bələdiyyəsi ilə əlaqə saxlayıb. Sədr problemdən xəbərdar olduğunu və problemin həqiqətən də sakinlərin dediyi kimi acınacaqlı olduğunu bildirib:
"Maştağada bu problem sovetin vaxtından var. Bir də görürsən ki, suyun səviyyəsi bir neçə il düşür aşağı, bir də görürsən ki, qalxır. 1990-cı ildə belə olub, 2012-ci ildə belə olub, indi də həmin hal təkrarlanır. Bir neçə ildən bir bu hadisə təkrarlanır. Maştağanın bəzi yerlərində bizim nasosxanalarımız var. Kanalizasiya sistemi yoxdur deyə yağış, qrunt sularını axıtmaq üçün bu nasosxanalardan istifadə etməli oluruq. Quyudan suyu vururuq, suyun səviyyəsi düşür aşağı, quyunun böyründən şırıltı ilə su gəlir dolur quyuya, elə bil çay axır. Mühərrikləri gecə-gündüz işlədirik. Mühərriki söndürəndən 3-4 dəqiqə sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qalxır. Bizim əlimizdən nə gəlir onu edirik. Bütün kəndin suyunu biz çəkə bilmərik axı.
Mən də eşirtmişəm ki, su anbarında çatlar olub, ola bilsin var. Amma onu mən təyin edə bilmirəm də. Onun üçün mütəxəssislər var. Bu məsələni aidiyyatı qurumların diqqətinə çatdırsanız bizə böyük kömək olarsınız. Hansı dövlət strukturlarına müraciət ediriksə, deyirlər "bizlik deyil". Hamısı boynundan atır. Bələdiyyənin də nə imkanı var, nə edə bilər?! Vallah biz imkan daxilində nə mümkündür edirik. Amma o aidiyyatı qurumlardan gəlib bir yoxlayan yoxdur ki, anbardan həqiqətən su axır, axmır.
Kimiləri də deyirlər ki, Kürdəxanı tərəflərdə olan göllər qurudulduğu üçün qrunt suları buraları basdı. Amma nəzərə alaq ki, 1990-cı ildə nə o göllər qurudulmuşdu, nə yaşayış belə çox deyildi. Mən özüm də məəttəl qalmışam ki, bu su haradan gəlir axı?! Hələ o nasoslar işləməsə təsəvvür edin ki, burada vəziyyət necə olar. Maştağada dədə-babadan qalma dərin quyular var, o quyulara mən iki-iki nasos qoydurmuşam ki, biri xarab olanda o biri işləsin. Başqa yerlərdə yağış sularına görə bir-birdir, həmin nöqtələrdə iki-iki nasos qoydurmuşam. Keçən ay yenə iki təzə nasos qoşdurmuşam.
Mən camaatın necə əziyyət çəkdiyini görürəm, özümü heç yaxşı hiss etmirəm. Çünki doğrudan da həm nəmişlik, həm antisanitariya baş alıb gedir. Mən hər dəfə o vəziyyəti görəndə xəcalət çəkirəm. Ancaq əlimdən nə gəlirsə onu əsirgəmirəm. Sadəcə onu deyim ki, biz bu nasosları işlətməklə qismən su basmanın qarşısını alırıq. Ancaq problem həll edilməyərək qalır".
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Sonxeber.net-a açıqlamasında bildirib ki, bu işə nəzarəti FHN həyata keçirmir:
"Həmin ərazidəki yeraltı suların səviyyəsinin endirilməsi və idarə edilməsi məqsədilə FHN-də xarici mütəxəssislərin və aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. Ərazidəki qrunt sularının toplanması və kənarlaşdırılması üçün işçi qrupu tərəfindən verilmiş təkliflər əsasında müvafiq layihələr işlənilmiş və ümumilikdə 56 drenaj quyusunun qazılması və müvafiq nasoslarla təchiz edilməsi təmin olunub. Nəticədə, qrunt sularının səviyyəsi 1-2 metrə qədər endirildi. Sonra quyular yerli icra hakimiyyətinin balansına verildi. Hazırda sözügüdən quyular yerli icra hakimiyyətinin balansında olduğundan bu işə nəzarəti FHN həyata keçirmir.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə onlara bu problemlə bağlı müxtəlif müraciətlərin daxil olduğunu təsdiq edib:
"Buna görə "Azərsu" Səhmdar Cəmiyyətinə həm rayon icra hakimiyyətindən, həm bələdiyyədən, həm vətəndaşlardan, həm qəsəbə icra nümayəndəsindən müraciətlər daxil olub. Bizim mütəxəssislər orada, su anbarının ərazisində olublar, baxıblar. Orada su anbarından hər hansı su sızıntısından söhbət gedə bilməz. Bu hadisə anbarla, yaxud da hər hansı magistral kəmərlə bağlı deyil. Sadəcə orada artıq qrunt sularının səviyyəsi qalxıb. Yaşayış çoxalır, orada bilirsiniz ki, kanalizasiya infrastrukturu demək olar ki, yoxdur. Olanlar da insanlar özləri fərdi qaydada çəkib, hansısa bir dərəyə, gölə axıdırlar. Qazılmış şambolar və yaşayışın çoxalması burada qrunt sularının səviyyəsini artırır və belə problemlər yaşanır. Amma bu gün o insfrastruktur yoxdur ki, "Azərsu" orada bu məsələnin həlli ilə məşğul olsun. Yəni, qrunt sularıdır, həmişə qış aylarında gəlib o ərazilərdəki həyətləri, zirzəmiləri basır. Artıq yaz aylarında havalar istinəndən sonra o qrunt sularının səviyyəsi aşağı düşür".
Təhməz Əsədov