Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 21:56
Rəqəmsal valyutalara əsaslanan texnoloji innovasiyaların maliyyə sistemi və bütövlükdə iqtisadi münasibətlərə verə biləcəyi imkanlar və onların əhəmiyyəti zaman keçdikcə daha çox hiss olunur. Rəqəmsal valyutanın bir növü olan kriptovalyutaların sayının sürətlə artması tendensiyası bunun bariz nümunəsidir. Dəmək olar ki, hər gün fərqli xüsusiyyətləri və imkanları ilə yeni kriptovalyutalar yaradılır. Yeni rəqəmsal valyuta növünün yaradılması üzrə mövcud olan layihələrdən biri də "Pi Network"-dür. Hazırda dünyada və xüsusilə də Azərbaycanda bu layihəyə olan marağı nəzərə alaraq. "Pi Network" nədir və bu layihə üzrə əsas risklər haqqında araşdırmanı diqqətinizə təqdim edirəm.
Sonxeber.net kriptoinvest.az-a istinadən bildirir ki, Pi Network layihəsi əslində mobil mayninq (mədənçilik) sektorunda bir eksperimentdir. Layihə 2019-cu ilin mart ayında ABŞ-ın Stanford universitetinin 3 məzunu - Nicolas Kokkalis, Chengdiao Fan və Vincent McPhillip tərəfindən təqdim edilib. Layihənin "kriptovalyutası" kimi nəzərdə tutulan Pi və ya Pi Coin Stellar-ın platforması üzərindən yaradılıb və bir mobil mayninq prosesi modelləşdirilib. Kriptovalyuta mayninqinə hazırda kifayət qədər maraq var və Pi Network-ü cazibədar edən əsas məqam istifadəçilərin bu şəbəkəyə ödənişsiz olaraq qoşulmasıdır. Rəqəmsal valyutaların hazırda populyarlığını nəzərə alsaq, hər hansı kriptovalyutanın pulsuz paylanması ideyası insanların istənilən layihəyə qoşulması üçün əla fürsətdir. İnsanlarda bir ümid var ki, heç bir ödəniş etmədən sadəcə mobil tətbiqi smartfona yükləməklə kriptovalyuta mayniniq edəcək və gələcəkdə dəyəri yüksək olan kriptovalyutaya sahib olacaqlar. Bu ideyanın nə dərəcədə uğurlu olacağını indidən demək mümkün deyil və "Pi Network"-ün müvəffəqiyyəti yalnız şəbəkə üzvlərinin kollektiv qatqısı, istifadəsi və qəbulundan asılıdır.