Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzuli uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman - FOTO

Füzuli uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman - FOTO

Tarix: 22 Mart 2021 20:52

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Əskərov Xəqani Səfa oğlu 1995-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində doğulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kiçik çavuş Xəqani Əskərov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdı. Ürəyi Vətən sevgisi ilə döyünən döyüşçü müharibənin ilk günlərindən silaha sarılaraq düşmən üzərinə atıldı. Cəbrayıl və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı oldu.

"Hərbi sahəyə bu peşəni sevərək getmişdi. Deyirdi, ana, mənim yolum budur. Yayda məni görməyə gəlmişdi. Komandanlıq əmr versə, döyüşə ilk qatılanlardan olacağını deyirdi. Vətənpərvər idi. Xəqani hər il Xocalı soyqırımının ildönümündə çox pis olurdu. Son söhbətimizdə mənə dedi ki, şəhid anası olacaqsan. Elə söyləmə dedim. Pis olma, ən qürurlu addır dedi. Şəhid olacağı halda onun şərəfinə bayrağımızı dalğalandırmaq üçün yeri də göstərdi. İndi həmin yerdə üçrəngli bayrağımız ucalır. Tabutunun üstündə də arzusunu yerinə yetirdim. Vətən sağ olsun dedim", - deyə şəhidin anası Lalə Əskərova söyləyib.

Xudat şəhərində yaşayan Xəqani Əskərov ailəli idi. İndi onun iki qız övladı yadigar qalıb.

Şəhid anası bildirib ki, Xəqani qızlarının böyüyəndə hərbi həkim olmasını arzulayırdı. Onlar üçün hərbi forma da tikdirmişdi.

"Oğlum şərəflə döyüşdü. İki medalla təltif olundu. Döyüş yoldaşları onun qəhrəmanlığı haqqında ağızdolusu danışırlar. Oğlum döyüş maşınında nişançı olub. Füzuli istiqamətində gedən döyüşdə onların maşınını raketlə vurublar. Xəqani şəhidlik zirvəsinə ucalıb. İndi onun Aylin və Ahu adında iki balaca qızı Vətənə əmanət qalıb. Mən oğlumla fəxr edirəm. Adətən oğulları atalarına görə tanıyırlar. Bu filankəsin oğludur deyirlər. Məni isə bütün Azərbaycan şəhid balama görə tanıyır", - deyə şəhidin atası Səfa Əskərov vurğulayıb.

Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalan Xəqani Əskərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Füzuli uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ