Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 14:24
Şabran rayonunda qızını intihar həddinə çatdırmaqda və seksual xarakterli hərəkətlərə məcbur etməkdə ittiham olunan Hicran Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Hicran Əsədov 2017-ci ilin təxminən mayın əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixin axşam saatlarında yaşadıqları Şabran şəhəri, V.Abdullayev küçəsində yerləşən evdə 2002-ci il təvəllüdlü qızı Nazpərinin (ad şərti verilib - red.) evdə tək olmasından istifadə edib, ona pul verəcəyi, mobil telefon, ürəyi istədiyi geyim və digər əşyalar alacağını vəd edib.
Hicran Əsədov qızını dilə tutaraq cinsi əlaqəyə girmək istəyib. Sonuncu atasının təklifini qəbul etməyib və qəti şəkildə rədd etdiyinə görə, onu ac-susuz qoyacağı, maddi ehtiyaclarını ödəməyəcəyi, geyim, məktəb ləvazimatı almamaqla təhsilini davam etdirməyə imkan verməyəcəyi ilə hədələyib.
Daha sonra 2018-ci ilin martın 31-də, saat 23 radələrində evdə tək olan qızını qucaqlayaraq boyun-boğazından öpüb, kürəyini sığallayıb, ona pul verəcəyi, mobil telefon, ürəyi istədiyi geyim və digər əşyalar alacağını vəd edib.
Hicran qızını dilə tutaraq cinsi əlaqəyə girmək istəyib. Qızı təklifini qəbul etməyi qəti şəkildə rədd etdiyinə görə onu ac-susuz qoyacağı, maddi ehtiyaclarını ödəməyəcəyi, geyim, məktəb ləvazimatı almamaqla təhsilini davam etdirməyə imkan verməyəcəyi ilə hədələyib.
Nəticədə bir saat sonra Nazpəri xeyli sayda (təxminən 10 həb) dəqiq adı istintaqa məlum olmayan bitki mənşəli ağrıkəsici dərman qəbul edib və orada olan su butulkasını sındıraraq onun qırıntıları ilə qollarına xəsarət yetirməklə özünü öldürməyə cəhd edib.
"Ayıldıqdan sonra üzr istədim"
İstintaq orqanı tərəfindən Hicran Əsədovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hicran Əsədov bildirib ki, təxminən cavan yaşlarından spirtli içki və narkotik vasitə qəbul edib, qazancının xeyli hissəsini həmin zərərli vərdişlərə xərcləyib: "Bu səbəbdən ailə üzvlərim arasında tez-tez narazılıq yaranıb. Arvadım mənim zərərli vərdişlərin aludəçisi olduğuna və mütəmadi onlardan istifadə etməyimə etiraz edib. Buna görə əsəbləşmişəm. Onları söyüb təhqir etmişəm, bəzən isə döymüşəm. Hərəkətlərimdən bezən arvadım bir neçə dəfə küsərək evi tərk edib. Lakin ayıldıqdan sonra öz hərəkətlərimdən utanaraq üzr istəyir, zərərli vərdişləri tərgidəcəyimə söz verirdim. Onu dilə tutaraq barışırdım, şikayət etməsinin, boşanmasının qarşısını alırdım".
"Cinsi əlaqəyə razı salmaq üçün dilə tutdum"
Hicran Əsədovun sözlərinə görə, 2017-ci ilin yaz aylarında, təxminən may ayının əvvəllərində axşam saatlarında, vaxtı dəqiq xatırlamadığı müddətdə hava qaralmamış bütün ailə üzvləri ilə birlikdə evin birinci mərtəbəsində yerləşən qonaq otağında şam edib:
"Arvadım oğlanlarımla qonaq otağının qarşısındakı mətbəx kimi istifadə etdiyimiz eyvana getdi. Həmin dövrdə 15 yaşlı olmaqla yetkinlik yaşına çatmayan qızım Nazpəri ilı birlikdə otaqda ikimiz qaldıq. Mən divanda əyləşərək televizora baxdım. Nazpəri də masanın üstünü yığmaqla məşğul oldu. Qəbul etdiyim spirtli içki və narkotik vasitənin təsirindən cinsi ehtirasım oyandı və qızımla cinsi əlaqədə olmaq istəyim yarandı.
Qızımı yanıma çağıraraq ona sakitcə cinsi əlaqədə olmağı təklif etdim. Bu barədə heç kimə, xüsusən də anasına heç nə deməməyi tapşırdım. Onu mənimlə cinsi əlaqədə olmağa razı salmaq üçün dilə tutdum. Ona mobil telefon alacağımı, pul verəcəyimi bildirdim. Razı olmayacağı halda onu ac-susuz saxlayacağım, yemək verməyəcəyim, geyim, məktəb ləvazimatı almayacağımla hədələdim. Cinsi əlaqədə olmağa məcbur etməyə çalışdım. Lakin qızım bu təklifimə razı olmadı".
"Özümü elə göstərdim ki, guya qayğısına qalıram"
Hicran Əsədov qeyd edib ki, 2018-ci ilin martın 30-da arvadı kiçik oğlu ilə birlikdə Bərdə rayonunda həqiqi hərbi xidmətdə olan böyük oğluna baş çəkmək üçün getdikləri üçün evdə qızı ilə ikisi qalıb: "Martın 31-də gecə saatlarında hər birimiz yaşadığımız evin ikinci mərtəbəsindəki özümüzə məxsus yataq otağında olarkən Nazpəri gecə paltarında mənim yataq otağıma gəldi. Onu həmin vəziyyətdə gördükdə cinsi ehtirasım oyandı və Nazpəri ilə cinsi əlaqədə olmaq istəyim yarandı.
Evdə ikimızdən başqa heç kimin olmadığını fürsət bildim, Nazpərini dilə tutmaqla, onu rahat şəkildə cinsi əlaqədə olmağa məcbur edə biləcəyimi qərarlaşdırdım. Bu məqsədlə qızımın yatdığı otağa getdim. Qızım həmin vaxt çarpayısında uzanmışdı. Onu şübhələndirməmək üçün özümü elə göstərdim ki, guya ata kimi qayğısına qalıram. Ondan harasının ağrıdığını soruşdum. Nazpəri də boğazının və bütün bədəninin ağrıdığını dedi. Həmin nahiyələrini masaj etməyi təklif etdim".
"Xoşuna gələcəyini söylədim"
Hicran Əsədov daha sonra ifadəsində qeyd edib: "Nazpəri də heç nədən şübhələnmədiyi üçün etiraz etmədi. Uzandığı yerdən dikələrək çarpayıda oturdu. Qızımın yanında çarpayıda əyləşdim, əvvəl onun boğazını, sonra isə kürəyini masaj etdim. Əllərimi qızımın bədəninə toxunduqca cinsi ehtirasım daha da gücləndi. Bu hissin təsiri altında Nazpərini qucaqlayaraq öpdüm və əllərimi onun kürəyinə sürtərək cinsi əlaqədə olmağı təklif etdim. Onun xoşuna gələcəyini söylədim.
Nazpərini dilə tutmaq üçün ona pul verəcəyimi, mobil telefon və bahalı geyimlər alacağımı bildirdim. Nazpəri isə məni itələdi, özündən uzaqlaşdırdı və otaqdan çıxmağımı tələb etdi.
Nazpərinin qəti şəkildə etiraz etdiyini gördüm, onu ac-susuz qoyacağımı, evə pul verməyəcəyimi, geyim, dərs ləvazimatı almayacağımı bildirdim".
"Peşmançılıq çəkirəm"
Hicran Əsədov deyib ki, bütün hədələrinə baxmayaraq qızı onunla razılaşmayıb və otağından qovub, qapını da içəridən kilidləyib: "Bundan sonra qızım günlərlə otaqdan çıxmadı. Bir neçə gündən sonra qızımın həmin gün ona etdiyim hərəkətlərdən sonra özünü öldürmək məqsədilə xeyli sayda dərman preparatı qəbul etdiyi və şüşə qırıntısı ilə qollarını kəsdiyi mənə məlum oldu. Etdiyim əməldən peşmançılıq çəkirəm".
Hicran Əsədov sonrakı ifadələrində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində spirtli içki və narkotik maddələrdən istifadə etmədiyini, azyaşlı qızına qarşı heç vaxt əxlaqsız hərəkətlər etmədiyini, ailə üzvlərinə kobudluq göstərmədiyini, həyat yoldaşının ondan boşanmaqla evi ələ keçirmək məqsədi ilə bu yollara əl atdığını, uşaqlarını ona qarşı yönəltdiyini və ona böhtan atdığını göstərib.
"Atamın dediklərindən təəccübləndim"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazpəri qeyd edib ki, 2017-ci ilin yaz aylarında, may ayının əvvəllərində axşam saatlarında hava qaralmamış, vaxtını dəqiq xatırlamadığı müddətdə bütün ailə üzvləri ilə birlikdə yaşadıqları evin birinci mərtəbəsindəki qonaq otağında şam ediblər: "Bundan sonra anam qardaşlarımla həmin otağın qarşısındakı mətbəx kimi istifadə etdikləri aynabəndə getdi. Mən otaqdakı stolun üstünü yığışdırdım, atam da sərxoş vəziyyətdə stolla üzbəüz divanda əyləşərək televizora baxırdı. Otaqda ikimızdən başqa heç kim olmayıb.
Bu zaman atam ayağa durdu, məni yanına çağırdı. Mənə yataq otağına gedərək onunla birlikdə çarpayıda yatmağı təklif etdi. Bu barədə heç kimə, xüsusilə anama heç nə deməməyi tapşırdı. Atamın dediklərindən təəccübləndim".
"Təklifini başa düşdüm"
Zərərçəkmişin ifadəsinə görə, atası isə razılaşacağı təqdirdə ona mobil telefon, yaxşı geyim alacağını və pul verəcəyini deyib: "Atamın mənimlə cinsi əlaqədə olmağı təklif etdiyini başa düşdüm. Ona etiraz etdim və onun qızı olduğunu, mənə necə belə əxlaqsız təklif edə biləcəyini soruşdum. Atam mənə "sizi mən saxlayıram, dolandırıram, əgər mənimlə cinsi əlaqədə olmasan bir daha sənə heç nə almayacam, ac-susuz qoyacam", - deyə bildirdi.
Bu zaman mən ağlayıb otaqdan çıxdım. Həmin vaxt anam arxamca gələrək nə baş verdiyini soruşdu. Mən də atamın mənə qarşı etdiyi hərəkətlər barədə anama danışdım. Anam məni sakitləşdirdi, atamı düz başa düşmədiyimi bildirdi. Mən də anama inandım. Atam bundan sonra bir neçə ay içki içmədi, bizimlə normal rəftar etdi".
"Haram ağrıdığını soruşdu"
Zərərçəkmiş ifadəsində söyləyib ki, 2018-ci ilin martın 30-da anası kiçik qardaşı ilə birlikdə Bərdə rayonunda həqiqi hərbi xidmətdə olan qardaşına baş çəkməyə getdiyi üçün atası ilə evdə qalıb: "Martın 31-də gecə saat 23 radələrində ikinci mərtəbədə yerləşən yataq otağındakı çarpayıda uzanmışdım. Bu zaman atam mənim yatdığım otağa gəldi, haram ağrıdığını soruşdu. Mən də boğazımın və bütün bədənimin ağrıdığını dedim. Atam ağrıyan nahiyəmi masaj etməyi təklif etdi.
Atamın təklifindən şübhələnmədim və pis niyyətinin olduğunu ağlıma gətirmədiyim üçün onun təklifi ilə razılaşdım. Atam əvvəl boğazımı, sonra isə kürəyimi təxminən 5 dəqiqə masaj etdi. Mən də atama etiraz etmədim. Masaj edərkən atam məndən mobil telefon, yaxşı paltar istəyib-istəmədiyini soruşdu, danışa bilmədiyimdən başımla onun dediklərini təsdiq etdim".
"Atam məni hədələdi"
Zərərçəkmişin sözlərinə görə, atası onunla cinsi əlaqədə olmasa, bu dediklərini almayacağını deyib: "Məni qucaqladı və boyun-boğazımdan öpməyə başladı. Atamın onunla cinsi əlaqədə olmağa razılacağım halda mənə pul verəcəyini, mobil telefon və ürəyim istəyən hər şeyi alacağını dedi.
Atamı itələdim, özümdən uzaqlaşdırdım. Atam isə məni hədələdi. Təxminən 10 dəqiqə ərzində mənə müəyyən qadağalar tətbiq edəcəyi ilə qorxutdu, razı salmağa çalışdı. Həmin vaxt gah mənim adımı çəkdi, gah da "qızım" deyə müraciət etdi. Lakin razılaşmadığımı gördü və otaqdan getdi".
"Atam anamı öldürməklə hədələdi"
Atası tərəfindən təhqir olunduğunu söyləyən qız çıxış yolunu özünü öldürməkdə gördüyünü açıqlayıb: "Atamın iyrənc təkliflərindən bezdiyim və gələcəkdə təkrarlanmaması üçün özümü öldürmək istədim. Bu məqsədlə ikinci mərtəbədəki otaqda olan xeyli sayda dərman preparatı qəbul etdim. Su içmək üçün istifadə etdiyimiz butulkanı sındırdım, qollarımı kəsdim.
Baş verənlərin utanc olduğundan anamın təklifi ilə bu barədə heç yerdə bildirmədim. Lakin iyun ayında anam boşanmaq istədi. Atam anamı öldürməklə hədələdi. Bundan sonra anamla birlikdə rayon prokurorluğuna getdik, olanlar barədə izahat verdik".
Bu cinayət işinə Şabran rayon Məhkəməsində baxılıb. Hicran Əsədov 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Hicran Əsədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Hicran Əsədovun apelyasiya şikayəti təmin olunmayıb.