Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 19:54
"2016-cı il 2-5 aprel döyüşləri Azərbaycan hərb tarixində əhəmiyyətli yer tutur".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Polkovnik deyib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb: "Aprel döyüşlərinə qədər düşmən Goranboyun Tap Qaraqoyunlu kəndini, o cümlədən Lələtəpə istiqamətində kəndlərimizi atəşə tuturdu, hətta yüngül silahlarla bərabər minaatan və artilleriya vasitələrindən də istifadə edirdi. Nəticədə mülki obyektlərdə dağıntılar, o cümlədən itkilər olurdu".
Ş. Ramaldanovun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq həmin istiqamətlərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin məhdud kontingentinə tapşırıq verilib ki, təhlükə yaradan yüksəkliklər azad edilsin, bununla da, orada yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyi təmin edilsin: "Azərbaycan Ordusu da bu tapşırığı qısa müddətdə - bir gündə yerinə yetirdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Düşmən isə 2 gün ərzində həmin yüksəklikləri geri qaytarmağa cəhd etdi, ancaq Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində bu cəhdlər dəf olundu. Sonra Rusiyanın da iştirakı ilə atəşkəs elan edildi. Son nəticədə Azərbaycan Ordusu döyüş tapşırığını yerinə yetirdi, təmas xətti önə çəkildi".
Polkovnik nəzərə çatdırıb ki, işğalçı Ermənistan həmin istiqamətlərdə keçilməz Ohanyan xətti olduğu ilə qürrələnirdi: "Azərbaycan Ordusu aprel döyüşlərində qısa müddətdə, bir neçə saatda o xətti keçdi, strateji yüksəklikləri ələ keçirdi və böyük bir ərazini nəzarət altına aldı".
Ş. Ramaldanov Aprel döyüşlərində də Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini vurğulayıb: "Bu, sonradan Vətən müharibəsində düşməni əzən "Dəmir yumruğ"a çevrildi. Xalq Ali Baş Komandana və Azərbaycan Ordusuna açıq dəstəyini ifadə etdi, döyüşlərdə bir fərari belə olmadı. Bu, Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə qərar verilərsə, xalqın artıq buna hazır olduğunun göstəricisi idi. Digər tərəfdən, həmişə xaricdəki müəyyən güclər bildirirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Azərbaycanın torpaqlarını hərbi yolla işğaldan azad etməyə qərar verəcəyi təqdirdə beynəlxalq səviyyədə müxtəlif təzyiqlərlə qarşılaşma riskləri də görünürdü. Artıq Aprel döyüşlərindən Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, əgər Azərbaycan və Ermənistanı təkbətək qoysalar, Azərbaycan qısa zaman ərzində işğalçı qüvvələri darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ali Baş Komandan Azərbaycan Ordusunun peşəkarlığını və qüdrətini bununla ifadə etdi. Aprel döyüşlərində xalqın birliyini, vətənpərvər ruhu, Ordumuzun yüksək döyüş qabiliyyəti fonunda qarşıya çıxan vəzifə də aydın idi. Bu da ondan ibarət idi ki, Azərbaycan güc variantını seçərsə, işğal altındakı torpaqlarını azad etməyə qərar verərsə, bu halda beynəlxalq aləmdə üzləşə biləcəyimiz riskləri minimuma endirmək lazımdır. Prezident İlham Əliyev müdrik siyasət yürüdərək, danışıqlardan boyun qaçıran işğalçı Ermənistanı tam ifşa etdi, demək olar ki, beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altındakı torpaqlarını güc yolu ilə azad etməkdən başqa yolu olmadığına inandırmağa nail oldu. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq müstəvilərdə Azərbaycanın haqlı mövqeyi çatdırıldı və Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu, Türkiyə və Pakistan kimi dövlətlərlə yüksək səviyyəli müttəfiqli münasibətləri quruldu. Keçən ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı Ali Baş Komandan beynəlxalq ictimaiyyətə artıq Ermənistanın növbəti təxribatına sadəcə cavab verilməklə qane olunmayacağını, Azərbaycanın torpaqlarını işğaldan azad etməklə bağlı qəti hərəkətə keçəcəyi mesajını verdi".
Polkovnik Aprel döyüşlərinin Vətən müharibəsinin sınağı olduğunu söyləyib: "Bu sınaq zamanı biz bir çox məsələləri proqnozlaşdıra bildik və beynəlxalq səviyyədə aparılmalı olan müəyyən işlər də aparıldı. Vətən müharibəsinin ilk addımı Aprel döyüşləri oldu. Xatırladım ki, Prezident İlham Əliyev Aprel döyüşlərində azad edilən Cocuq Mərcanlı kəndinə qayıdışı Böyük Qayıdışın başlanğıcı kimi səciyyələndirmişdi. Ona görə də Aprel döyüşlərində qarşıya məhdud səviyyədə tapşırıq qoyulsa da, bu, Ali Baş Komandan, Ordumuz və xalqımız üçün Vətən müharibəsinə hazırlıqla bağlı bir sınaq oldu".