Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 10:20
Ermənilər yenə də özlərinə aid olmayanı mənimsəmək cəhdlərindən əl çəkmir.
Xezerxeber.az-ın məlumatına görə, İrəvan yaxınlığında yol-tikinti işləri zamanı saxsı qırıntılarına rast gəlinib. Daha sonra ərazidə tikinti işləri dayandırılıb və arxeoloji qazıntılar başlayıb. Nəticədə ərazidən Urartu dövlətinə aid olduğu iddia edilən maddi nümunələr tapılıb. Lakin maraqlı məqam bundan ibarətdir ki, mif yaradıcılığını davam edən erməni müəlliflər onlara heç bir aidiyyati olmayan qədim Urartu irsinə sahib çıxmağa çalışırlar. Tarixən özlərinə məxsus olmayan torpaqlarda tapılan maddi mədəniyyət nümunələrini öz tarixləri kimi göstərməyə çalışırlar.
Qeyd edək ki, Urartu dövləti eramızdan əvvəl 9-6-cı əsrlərdə mövcud olub, əsasən Anadolu yaylasının bir hissəsini, Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edib. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər. Bunun isə ermənilərlə, yəni haylarla heç bir əlaqəsi yoxdur. Elə bu məsələ ilə bağlı bir neçə fərqli erməni müəllifinin yazılarına nəzər salsaq görərik ki, onların əksəriyyəti bir-birini təkzib edir.
Məsələn, erməni müəlliflərindən biri Ayvazyan urartu dili ilə müasir erməni dili arasında "fonetik uyğunluq" tapdığını iddia edib, erməni mixi kitabələrində əlifba yazısının olduğunu və ermənilərin finikiyalılardan daha tez əlifba yaratdıqlarını söyləyib. Məlumat üçün qeyd edək ki, finikiya əlifbası eramizdan əvvəl 11-10-cu əsrlərə aiddir. Lakin digər bir erməni müəllifi olan, erməni dili haqqında irihəcmli əsər yazan Tumanyan erməni dilinin tarixini üç mərhələyə bölür və bu dilin başlanğıc nöqtəsi kimi bizim eranın 5-ci əsrini göstərir. Hətta Tumanyan öz əsərində eramızdan əvvəlki dövrdən bəhs edərkən deyir ki, bu dövrdə ermənilər yunan, Suriya və fars dillərindən istifadə edib.
Daha bir erməni müəllifi Xaçatryan isə Urartu dövlətinin əsassız olaraq erməni hesab etdiyi nairililərin çar Armenin hakimiyyəti altında urartulular və şubarlarla birləşməsi nəticəsində meydana gəldiyini və onun əhalisinin çox hissəsini məhz nairililər təşkil etdiyini iddia edir. Lakin məşhur rus tarixçisi İqor Dyakonov onun iddialarının yalandan ibarət olduğunu ortaya çıxarır. Dyakonova görə, tarixdə nairi adlı tayfa ittifaqı mövcud olmamışdır, Nairi coğrafi addır, Xaçatryanın iddiaları isə heç bir sübuta əsaslanmır və faktik materialın təhrif olunmasıdır. Bundan başqa, İlya Qriqoryeviç Çavçavadze fransız alimi Lenorman və ingilis alimi Raulinsin tərəfindən müdafiə olunan maraqlı bir fikrə də istinad edərək bildirib: "Urartu dili və mixi yazılar ermənilərə deyil, alarodilərə aiddir, "nə bu dil, nə xalq erməni dili və xalqı ilə heç bir qohumluğa malik deyil". Ümumilikdə fikirlərin üst-üstə düşməməsi və ziddiyyətli xarakter daşıması sübhəsiz ki, müəlliflərin sərəncamında ciddi faktların və mənbələrin olmamasına dəlalət edir. Bu səbəbdən də, onlar öz iddialarını əsaslandırmaqda çətinlik çəkir, çox vaxt bir-birini təkzib edirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: