Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Tarix: 19 Aprel 2021 16:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdə "Yaşıl enerji" konsepsiyasının tətbiqi, enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı müəyyən etdiyi vəzifələr, zəruri tapşırıqlar rəhbər tutularaq, həmin ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə yaradılmış "Enerji təminatı məsələləri" İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda ölkəmizin işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidənqurulması ilə bağlı görülmüş işlər, regionun enerji potensialından səmərəli istifadə olunması üzrə həyata keçirilmiş tədbirlər və bu ərazilərin dayanıqlı enerji təminatına nail olunması istiqamətində atılacaq növbəti addımlar barədə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin məruzələri dinlənilib.

İşğaldan azad olunmuş ərazilərlə bağlı layihələrin icrasında yeni mərhələyə qədəm qoyulduğu və bu proseslərin dinamik şəkildə davam edəcəyi qeyd edilib.

İclasda İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb və yekunlaşmaq üzrədir. Şuşa şəhərində elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşıb. Kəlbəcərdə inşa olunan yarımstansiyada, eləcə də Daşkəsəndən Kəlbəcərə qədər olan elektrik xətlərinin çəkilişi ilə bağlı işlər davam edir. Ağdam yarımstansiyasında işlər başlanıb. Cəbrayıl-Qubadlı, Qubadlı-Zəngilan arasında iki dövrəli elektrik xətlərinin tikintisinə başlanılıb.

Suqovuşan yaşayış məntəqəsi ərazisində yerləşən 4,8 MVt gücündə "Suqovuşan-1" və 3 MVt gücündə "Suqovuşan-2" su elektrik stansiyalarının bərpa işləri davam edir. İşğaldan azad edilmiş ərazilərdə kiçik su elektrik stanisyaları ilə bağlı aparılan inventarlaşdırma işləri davam etdirilir. Bildirilib ki, Cəbrayılda 330 kV-luq yarımstansiyanın layihələndirilməsinə başlanılıb. Hadrut, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında paylayıcı şəbəkədə aparılan işlər barədə də məlumat verilib. Şuşada İsa bulağı ərazisində elektrik enerjisi verilişi təmin olunduğu vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenidənqurulması zamanı zəruri koordinasiyanın təmin edilməsinin vacibliyi vurğulanıb. Xüsusi ilə tarixi-mədəni abidələrə həssaslıqla yanaşılmasının vacibliyinə diqqət çəkilib.
Həmçinin işğaldan azad edilmiş ərazilərin enerji təminatında kəsintilərin yaranmaması, qəzaların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi, müvafiq qurumlar arasında məlumatlılığın daha da artırılması və sıx koordinasiyanın təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.


Etiketlər:  Enerji təminatı məsələləri üzrə İşçi Qrupunun növbəti iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ