Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 10:24
Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.
Sonxeber.net xəbər verir ki, dramaturq 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1968-1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib. 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində işləyib.
O, on bir yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Ədib həm şair, həm də dramaturq kimi tanınıb. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunub. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. O, 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazıb. Eyni zamanda 90-dan artıq mahnı mətninin müəllifidir.
Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatına - "Şərəf" ordeninə layiq görülüb.