Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 10:54
Avtobuslara bayramlarda məhdudiyyət qoyulması vətəndaşları sıx toplaşmaqdan müəyyən qədər çəkinməyə vadar edəcək.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Könül İsmayılova deyib.
"İctimai nəqliyyatdakı sıxlıq ara məsafənin gözlənilməsinə mane olur. Düzdür, hər kəs pandemiyadan yorulub və bayramı normal qaydada qohumlarla birlikdə qeyd etmək istəyirlər. Lakin bu məhdudiyyətlər vətəndaşları sıx toplaşmaqdan müəyyən qədər çəkinməyə vadar edəcək. Buna görə, avtobuslarla bağlı qərarın effektivliyini görə biləcəyimizi düşünürəm", - o bildirib.
Həkim peyvənd vurdurmaq istəyənlərin xəstəxanalarda onlayn qeydiyyatının nəzərə alınmamasına da münasibət bildirib:
"Peyvəndlənmə prosesində sıxlıq yaşanması yoluxmanın artmasına səbəb ola bilər. Buna görə qeydiyyatın onlayn aparılması daha düzgündür. Lakin hansısa vətəndaş peyvənd vurdurmaq üçün birbaşa klinikaya yaxınlaşarsa, ona yenidən sıra nömrəsi verilməklə peyvəndlənməsi baş tuta bilər".
Peyvənd olunan şəxslər 1 il sonra yenidən peyvəndlənməyə cəlb oluna biləcəyini qeyd edən həkim onu da bildirib ki, virusa yoluxanlar 3-6 ay sonra peyvənd vurdura bilərlər.