Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 13:20
Gədəbəy rayonunda yol polisi qayda pozan sürücülərə qarşı reyd keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirilir.
Reyd zamanı rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıblar.Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
Piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qeyd edilən bu və digər qayda pozuntularını aşkar etdikdə inzibati qaydada tədbirlər görürlər. Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində qayda pozan piyadalara və sürücülərə gün ərzində ümumilikdə 15-dən çox inzibati protokol tərtib edilib.
Bundan başqa polis əməkdaşları "Təmiz hava" aylığı ilə əlaqədar da reyd keçirib. Qeyd etmək lazımdır ki, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə nasazlığı aradan qaldırmalı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Keçirilən tədbirlərlə qayda pozan 100-dən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.